Bakı. 29 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov korrupsiya ilə bağlı məlumat verənin mükafatlandırılması barədə sərəncam imzalayıb.
“Report” “Fergana”ya istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezidentinin saytında məlumat verilib.
Bildirilib ki, 2018-ci il dekabrın 20-də ölkə parlamentində “Korrupsiya ilə bağlı qanun pozuntuları barədə məlumat verən şəxsin müdafiəsi haqqında” qanun qəbul edilib. Bu sənəd rəsmi dərc olunduqdan sonra qüvvəyə minir. Mükafatın məbləği korrupsiyanın miqyasının alınmasından asılı olacaq. Rüşvətin və ya mənimsəmənin məbləğinin 100 min somdan (1,4 min dollardan) çox olmayaraq, 30 faizini mükafat kimi almaq mümkündür.
Parlament ilk dəfə belə bir qanunu 2016-cı ilin noyabrında qəbul edib. O vaxtkı Prezident Almazbek Atambayev 2017-ci ilin yanvarında sənədi imzalamayaraq parlamentə qaytarmışdı. O, deputatlara layihədəki bəzi çatışmazlıqları aradan qaldırmağı tapşırmışdı. Həmin layihədə mükafat bütün vətəndaşlar deyil, yalnız korrupsioner həmkarları barədə məlumat verən məmurlar üçün nəzərdə tutulmuşdu. Onda Almazbek Atambayev bildirmişdi ki, bu, yeni korrupsiya sistemi yaradacaq.