Yuxarı

Qazaxıstan "Günəşli" yatağındakı yanğından sonra Xəzər dənizində nəzarəti gücləndirib

Qazaxıstan Sərhəd Xidməti: Bu gün regionda çətin hava şəraiti qalmaqda davam edir

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş vermiş yanğından sonra Qazaxıstan qəzadan zərər görənlərin aşkarlanması halında yardım etmək üçün Xəzər dənizində nəzarəti gücləndirib. "Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı adıçəkilən ölkənin Sərhəd Xidmətinin mətbuat xidmətindən veriblər.

"Bu gün regionda çətin hava şəraiti qalmaqda davam edir. Buna baxmayaraq, Sahil Təhlükəsizliyi rəhbəri Qazaxıstan sularında nəzarəti gücləndirmək, izləmə həyata keçirməklə bağlı qayıq və gəmilərə əmr verib. Əmrdə hər hansı bir obyektin və ya zərərçəkmişin aşkarlanacağı halda dərhal məruzə edilməsi, yardım göstərilməsi də göstərilir", - mətbuat xidməti bildirir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir. Azərbaycanda bir günlük matəm elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi