Yuxarı

Putin: "Rusiya, Azərbaycan və İran terrorizmə qarşı mübarizə sahəsində sıx dialoq yaradıb"

Üçtərəfli formatda terror və narkotiklər əleyhinə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün çox yaxşı perspektivlər var”

Bakı. 5 avqust. REPORT.AZ/ “Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması bizi narahat etməyə bilməz”.

"Report"un məlumatına görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) müsahibəsində deyib.

Onun sözlərinə görə, bu regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır: “Xüsusi vurğulayıram, bu yaxınlarda dünyanın müxtəlif regionlarında törədilmiş terror aktları bir daha göstərir ki, terrorizmə qarşı yalnız birlikdə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT əlaqələndirici rol oynamaqla mübarizə aparmaq olar. Burada ikili standartlar olmamalıdır, terrorçuları “yaxşılara” və “pislərə” bölmək olmaz. Əlbəttə, terrorçu, radikal və ekstremist qruplaşmalardan siyasi və ya geosiyasi maraqlar üçün istifadə etməyə çalışmaq yolverilməz və son dərəcə təhlükəlidir. Ölkələrimiz beynəlxalq birlikdə məhz bu prinsipləri fəal surətdə önə çəkir, istər siyasi səviyyədə, istərsə də hüquq mühafizə və xüsusi xidmət orqanları xətti ilə çoxtərəfli əməkdaşlığı maksimum genişləndirməyə və möhkəmləndirməyə çalışır”.

V.Putin deyib ki, bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar: “Belə ki, biz Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk. Mühüm yanaşmalarda Tehranla da mövqelərimizdə yaxınlaşma var. Şanxay Əməkdaşlıq Təşkilatının xətti ilə çoxtərəfli antiterror əməkdaşlığının dərinləşməsində əlavə imkanlar görürük. İranlı tərəfdaşlarımızla birlikdə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması kanallarının kəsilməsi üzrə “Təmiz Xəzər” adlı əməliyyat keçiririk. “Xəzər antinarkotik beşliyi” forumunun böyük potensialı var. Hesab edirəm ki, üçtərəfli formatda da terror və narkotiklər əleyhinə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün çox yaxşı perspektivlər var”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi