Yuxarı

Ötən il İran-Azərbaycan əlaqələrinin inkişafı ili kimi yadda qalacaq

Bu fikri İran Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam səsləndirib

Bakı. 5 mart. REPORT.AZ/ Ötən il İran-Azərbaycan əlaqələrinin inkişafı ili kimi yadda qalacaq.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İran Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam martın 5-də Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, İranda yeni il martın 21-də başlayır.

Qeyd olunub ki, ötən il ərzində hər iki ölkənin rəsmi şəxsləri intensiv şəkildə qarşılıqlı səfərlər edərək dövlətlər arasındakı münasibətlərin inkişafına çalışıblar. Bu səfərlərin faydalı olduğunu bildirən M.Əfğam ümumilikdə ötən ili Tehran-Bakı əlaqələrində uğurlu il kimi dəyərləndirib. O deyib ki, İran ilə Azərbaycanın qarşılıqlı əlaqələri heç vaxt bu qədər yüksək səviyyəyə çatmayıb. Hər iki ölkənin prezidentlərinin nümayiş etdirdiyi siyasi iradə münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi dövlətlərin milli maraqlarına uyğundur və xalqların mənafeyinə xidmət edir.

Diqqətə çatdırılıb ki, İran və Azərbaycan arasında beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin aparılması haqqında razılıq əldə etmələri xüsusilə olaraq diqqəti cəlb edir. Bu sahədə əməkdaşlıq regionda sabitliyin qorunub saxlanılması ilə yanaşı, hər iki dövlətin sülh siyasəti yürütməsini də nümayiş etdirir.

M.Əfğam İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya son səfərinin çox faydalı olduğunu vurğulayıb. “Şübhəsiz, bu qarşılıqlı səfərlər davam edəcək. Son dərəcə sevindirici haldır ki, Tehran-Bakı əlaqələri bütün sahələrdə inkişaf edir”, - deyə o əlavə edib.

M.Əfğam Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi