Yuxarı

​NATO baş katibi Ukrayna Təhlükəsizlik Şurasının iclasına qatılacaq

Şuranın toplantısında Ukraynanın Hərbi doktrinası və strateji müdafiə ilə bağlı sənəd müzakirə ediləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ NATO baş katibi Yens Stoltenberq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında iştirak edəcək.

"Report" UNİAN agentlyinə istinadən xəbər verir ki, bu haqda Alyansın Brüsseldəki mənzil-qərargahından bildirilib.

Baş katibin şuranın toplantısında iştirakı NATO və Ukraynanın tarixində ilk hadisədir.

Xəbərə görə, Yens Stoltenberq həm də Ukrayna-NATO birgə hərbi təliminin açılışı mərasimində də iştirak edəcək.

Onun Ukraynaya səfərinin dəqiq tarixi açıqlanmayıb.

Qeyd edək ki, birgə hərbi təlim sentyabrın 21-25-də Lvovda keçiriləcək.

Ukraynanın xarici işlər naziri Pavel Klimkinin sözlərinə görə, şuranın iclasında "Ukraynanın Hərbi doktrinası" və strateji müdafiə ilə bağlı sənəd müzakirə ediləcək.

Xatırladaq ki, bu gün XİN başçısı Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi