Yuxarı

Türkiyənin Yunanıstandakı 2 hərbi attaşesi İtaliyaya, Banqladeşdəki 2 diplomatı Nyu-Yorka qaçıb

Mövlud Çavuşoğlu: Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi

Bakı. 11 avqust. REPORT.AZ/ "Yunanıstandakı iki hərbi attaşe - polkovnik Halis Tunc və polkovnik İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıblar".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

"Onlar avqustun 6-da ailələri ilə birlikdə xüsusi maşınlarla qayıqlara minərək İtaliyaya doğru hərəkət ediblər. Bunu Yunanıstan rəsmiləri də təsdiqləyib. Tuncun qardaşı Hollandiyada yaşayır. Bu iki xaini Türkiyəyə gətirmək istiqamətində çalışırıq", - deyə M.Çavuşoğlu vurğulayıb.

"Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi. Əfqanıstandakı iki general-mayor Dubaya gedib. Birləşmiş Ərəb Əmirlikləri də onları xüsusi təyyarə ilə Türkiyəyə təhvil verib. Diplomatlarımız arasında da qaçanlar var. Banqladeşdəki iki diplomatımız Nyu-Yorka qaçıb", - deyə nazir bildirib.

Qeyd edək ki, İlhan Yaşıtlı Türkiyə Silahlı Qüvvələrinin, Halis Tunc isə Hərbi Dəniz Qüvvələrinin attaşesidir. Onlar ailələri ilə birlikdə Yunanıstandan qaçıblar. Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi