Yuxarı

İtaliya, Almaniya və Fransa liderləri "Brexit"in nəticələrini və Aİ-nin gələcəyini müzakirə edəcək

Stefan Le Fol: Bu, bütövlükdə Avropa layihəsini müzakirə etməyə imkan yaradacaq vacib görüşdür

Bakı. 22 avqust. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) gələcəyi və Avropada təhlükəsizlik məsələləri İtaliya, Fransa və Almaniya liderlərinin bazar ertəsi Ventotene adasında keçiriləcək görüşündə əsas müzakirə mövzuları olacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol məlumat verib.

"Bu, yalnız "Brexit"in nəticələri yox, bütövlükdə Avropa layihəsini müzakirə etməyə imkan yaradacaq vacib görüşdür", - deyə Stefan Le Fol Fransa Nazirlər Kabinetinin iclasının yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə əsas mövzulardan biri Avropada təhlükəsizliyin təmin edilməsi olacaq. Bundan əlavə, investisiya və iqtisadi artım məsələləri, Avropa gənclərinin problemləri, mədəniyyət sahəsində əməkdaşlıq və bərpa olunan enerji mənbələrinə keçidin təmin olunması barədə müzakirələr aparılacaq.

S.Le Fol həmçinin bildirib ki, görüş Aİ-nin sentyabrın 16-da Bratislava Böyük Britaniyasız keçiriləcək sammitinə hazırlıq baxımından zəruri mərhələ olacaq.

Ümumiyyətlə, İtaliya baş naziri Matteo Rentsi, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında Tirren dənizində yerləşən kiçik Ventotene adasında keçiriləcək görüş bu qəbildən olan ikinci qeyri-rəsmi iclas olacaq. Belə ki, bu formatda ilk qeyri-rəsmi görüş iyunun 27-də Berlində baş tutub. Rentsi, Merkel və Olland Almaniya paytaxtında Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar referendumun nəticələrini müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi