Yuxarı
    Bağlamaq

    İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısı başlayıb

    Zirvə iki gün davam edəcək© Report.az

    İstanbul. 5 aprel. REPORT.AZ/ İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.

    "Report"un Türkiyə bürosu xəbər verir ki, toplantıda dövlət və hökumət rəsmiləri, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, KİV və QHT nümayəndələri, xüsusilə Bosniya və Herseqovina, Albaniya və Makedoniya prezidentləri, Sloveniya və Rumıniyanın baş nazirləri, Türkiyə baş nazirinin müavini Mehmet Şimşək və s. iştirak edirlər. Azərbaycan zirvədə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

    Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.

    Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda bildirilir ki, artıq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Qeyd edilir ki, Azərbaycan uzun illərdən bəri region dövlətləri arasında münasibətlərin inkişafı, ölkələrin iqtisadi potensialının, təbii ehtiyatlarının nəqliyyat və logistika imkanlarının əməkdaşlıq və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər uğurla davam etdirilir, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi–Qars dəmir yolunun inşası artıq yekunlaşmaq üzrədir. Vurğulanır ki, Avrasiya məkanında sosial rifahı, əməkdaşlığı və sabitliyi təhdid edən amillərdən biri həll olunmamış münaqişələrdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyədək ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın iyirmi faizdən artıq ərazisini işğal edib, etnik təmizləmələr və soyqırımları törədib.

    Toplantıda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük önəm verməsindən danışıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən bəhs edən məruzəçi vurğulayıb ki, Zirvənin bir panelinin İslam həmrəyliyi mövzusuna həsr edilməsi Azərbaycan Prezidentinin bu təşəbbüsünə dəstəkdir. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasətini beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı sülhsevər dünya ictimaiyyətinə çağırışlar edib.

    Sonra Türkiyə baş nazirinin müavini Mehmet Şimşək, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlar, İstanbul Hazır Geyim İxracatçıları Birliyinin sədri Mustafa Gültəpə, Makedoniya prezidenti Goergi İvanov, Kosova naziri Mahir Yağcılar çıxış ediblər.

    Zirvənin enerji və iqtisadi məsələlərə həsr olunmuş bölmə iclasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Türkiyə və Azərbaycanının təşəbbüsü ilə həyata keçirilən TANAP, TAP və “Şahdəniz-2″ layihələrinin son vəziyyəti haqqında məlumatlar verəcək və yeni enerji layihələr haqqında danışacaq.

    Zirvə iki gün davam edəcək.

    Qeyd edək ki, “İnsanlıq bir yol ayrımında” başlığı altında keçirilən zirvədə əsas müzakirələr dünyada baş verən teror hadisələri, İslam dini adı altında təqdim olunan terorizm və dünyanın qaçqın və məcburi köçkün problemləri olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi