Yuxarı

​HDP həmsədri: "ABŞ-ın kürdlərə xəyanət etdiyinə inanmıram"

O, növbəti seçkidə hədəflərinin 20 faiz səs toplamaq olduğunu da vurğulayıb

Bakı. 14 avqust. REPORT.AZ/ "İncirlik"lə bağlı razılaşmada ABŞ-ın kürdlərə xəyanət etdiyinə inanmıram". "Report" xəbər verir ki, bunu Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş "Washington Post"a müsahibəsində bildirib.

Qeyd edək ki, "İncirlik"də NATO-nun hərbi bazası yerləşir. ABŞ həmin bazadan istifadə edərək, "İŞİD"in Suriyadakı mövqelərini vurması haqda Türkiyə ilə razılaşıb. Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin ərazidən uçan ABŞ qırıcılarının "İŞİD"in hədəflərinə hələ zərbə endirmədiyini deyib. Bəziləri "İŞİD"lə yanaşı, PKK terror təşkilatının Suriyadakı qolu sayılan PYD-nin (Demokratik Birlik Partiyası) də mövqelərinin vurulacağından narahatdırlar.

Xatırladaq ki, bu il iyulun 20-də Türkiyənin Şanlıurfa əyalətinin Suruç rayonunda baş verən partlayış nəticəsində 32 nəfərin öldüyü bidirilmişdi. Bu partlayışı "İŞİD"in törətdiyi məlum olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner "İncirlik" bazasının koalisiya qüvvələrinə açılmasının Suruçdakı sözügedən hadisə ilə əlaqəli olmadığını demişdi.

Səlahəddin Dəmirtaş "ABŞ-ın kürdlərə xəyanət etdiyinə inanmıram" deyəndə həm də bu hadisəni nəzərdə tutur. O deyib ki, "İŞİD"ə qarşı istənilən aksiyanı dəstəkləyir.

HDP həmsədri müsahibəsində növbəti seçkidə hədəflərinin 20 faiz səs toplamaq olduğunu da vurğulayıb.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkidə HDP səslərin 15 faizini qazanmışdı. Yeri gəlmişkən, Türkiyə parlamentinə AKP-dən 258, CHP-dən 132, MHP-dən 80, HDP-dən 80 millət vəkili seçilib. Məclis 550 deputatdan formalaşır.

Səlahəddin Dəmirtaşdan müsahibə alan isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Davosdakı "One minute" çıxışı tədbirinin aparıcısı olmuş ABŞ jurnalisti Devid İqnatius olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi