Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş azərbaycanlılardan bəhs edən kitabın təqdimatı olub - FOTO

Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş azərbaycanlılardan bəhs edən kitabın təqdimatı olub - FOTO Kitabın təqdimatı Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr edilib
Region
14 Dekabr , 2017 16:36
Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş azərbaycanlılardan bəhs edən kitabın təqdimatı olub - FOTO
Report

Tbilisi. 14 dekabr. REPORT.AZ/ Dekabrın 14-də Gürcüstandakı Suxumi Dövlət Universitetində “Vətən oğulları” kitabının təqdimatı keçirilib.

“Report”un Gürcüstan bürosu verir ki, David Maysuradzenin müəllifi olduğu bu kitab qonşu ölkənin Abxaziya və Çxinvali bölgələrində Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizə aparan azərbaycanlılardan bəhs edir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru, professor və müəllim heyəti, siyasətçilər, tələbələr iştirak ediblər.

Universitetin rektoru, professor Zurab Xonelidze çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, xalqlarımızın oxşar problemlərindən söz açıb. Bu cür kitabların dostluq əlaqələrimizin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Sonra səfir Dursun Həsənov çıxış edib.

Diplomat bildirib ki, “Vətən oğulları” kitabı Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılara həsr olunub. Tarixə nəzər yetirdikdə Gürcüstan azərbaycanlılarının bizim xalqlarımız arasındakı dostluğa, qardaşlığa, dövlətçiliyə necə sıx bağlı olduqlarına dair saysız-hesabsız faktlarla qarşılaşırıq. Kitabda da qeyd olunub, XVIII əsrdə Kartli-Kaxetiya çarının – II İraklinin ən yaxın silahdaşlarından biri Xudu Borçalı olub.

Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Tiflisə hücum edəndə, yerli erməni tacirlər xəyanət edərək şəhərin gizli giriş yolları və II İraklinin qoşunlarının yerləşmə mövqeləri barədə şaha xəbərlər ötürərkən, Krtsanis döyüşündə 150 azərbaycanlı süvarisi II İraklini döyüş meydanından çıxarmaq üçün öz canlarını əsirgəməmişlər, onların hamısı döyüş meydanında həlak olsalar da, II İraklini mühasirədən çıxarmağa müvəffəq olmuşlar. II İraklinin ailə üzvlərini – xanımını və övladlarını da şəhərdən Duşeti dağları istiqamətində azərbaycanlı xanım Xeyransa Yadigarovanın başçılığı altındakı süvarilər çıxarıblar.

Biz gələn il həm Azərbaycan, həm də Gürcüstan demokratik respublikalarının 100 illik yubileyini qeyd edəcəyik. Amma bu respublikaların formalaşması prosesi olduqca ağrılı-acılı proseslərlə, müharibələrlə müşayiət olunurdu. Bildiyiniz kimi, 1918-ci ildə Gürcüstan-Ermənistan müharibəsi baş verib və bu müharibədə gürcü ordusunun tərkibində Borçalı qəzasının azərbaycanlılarından ibarət böyük bir ordu birliyi Gürcüstanın ərazi bütövlüyü uğrunda mərdliklə vuruşub.

XX əsrin sonlarında – 90-cı illərdə də Sovet əsarətindən çıxıb öz müstəqilliklərini bərpa edən dövlətlərimiz qonşu xəyanəti ilə üzləşdi. Ermənistan dövləti Azərbaycan və Gürcüstanla gözəl münasibətlər qurub öz müstəqilliyini gücləndirmək barədə düşünmək əvəzinə, Azərbaycanın ən qədim, ən gözəl güşələrindən olan Qarabağ bölgəsinə irtica etdi. Bu tarixi Azərbaycan torpaqlarını işğal edərək, qan çanağına döndərdi. Bir milyondan çox azərbaycanlı öz tarixi torpağından qaçqın düşdü. Yüzlərlə azərbaycanlılar yaşayan kənd yerlə-yeksan edildi. Erməni terrorçuları tərəfindən Qafqaz tarixində misli görülməmiş qəddarlıqla Xocalı soyqırımı törədildi.

Gürcüstan da eyni dövrdə oxşar problemlərlə üzləşdi. Suxumi döyüşlərində erməni batalyonları yerli gürcü əhalisinə qarşı soyqırımları törətdiyi bir vaxtda, Gürcüstanda yaşayan azərbaycanlılar igidliklə, qorxmazcasına könüllü şəkildə gürcü döyüşçüləri ilə bir yerdə Gürcüstanın bu gözəl diyarını qoruyurdular, vətən borclarını yerinə yetirirdilər. 2008-ci ildə Sxinvali bölgəsində baş verən hadisələr zamanı da mənim soydaşlarım könüllü dəstələr yaradaraq gürcü ordusunun yanında yer aldı.

Bildirilib ki, bu faktlar xalqlarımız arasında qızıl hərflərlə yazılmış, qırılmaz və sarsılmaz dostluq tarixçəsinin kiçik bir hissəsidir. Azərbaycanlılar Gürcüstanı həmişə seviblər, sevirlər və şübhəm yox ki, sevəcəklər.

Səfir vurğulayıb ki, Azərbaycan və Gürcüstan etibarlı strateji tərəfdaşdır. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hər zaman Azərbaycanın Gürcüstanla əlaqələrinin bütün sahələr üzrə inkişaf etməsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ölkələrimiz bir çox qlobal enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə Gürcüstan istiqamətinə xüsusi yer verilir.

Digər çıxış edənlər Azərbaycan və Gürcüstanın eyni taleni bölüşən, Cənubi Qafqazda təhlükəsizliyin qarantı olan dost və qardaş ölkələr olduğunu vurğulayıblar. Bildirilib ki, sürətlə inkişaf edən hər iki ölkə tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək və bu gözəl universitet – Suxumi Dövlət Universiteti öz tarixi məkanında fəaliyyətini bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi