Yuxarı

Gürcüstanda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO

Aksiya iştirakçıları Türkiyədə dövlət çevrilişinə cəhdi pisləyiblər

Tbilisi. 20 iyul. REPORT.AZ/ Dünya Qarapapaq Türkləri Birliyinin (DKTB) Gürcüstan bürosunun təşəbbüsü ilə Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, Türkiyənin Gürcüstandakı səfirliyinin qarşısında keçirilən tədbirdə “Borçalı” İctimai Birliyi, “Salam” Mədəni Xeyriyyə Cəmiyyəti, Gürcüstan Aşıqlar Birliyi, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası və "Sarvan" folklor qrupunun üzvləri də iştirak ediblər.

DKTB-nin baş katibi Səlahəddin Turan, professor Mahmud Kamaloğlu, şairə Səadət Buta və başqaları iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyiblər.

Bildirilib ki, Türkiyədə demokratik yolla seçilmiş bir hakimiyyətin silah gücü ilə devrilməsinə cəhd, bütün türk millətinə qarşı yönəlmiş aksiya idi. Lakin böyük türk xalqı hakimiyyətin zorla devrilməsinə yox dedi, türk birliyini dəstəklədi.

Natiqlər dünya türklərini birliyə çağırıb, Türkiyədə və ya digər ölkələrdə dövlətin silah və güc yolu ilə devrilməsinin yolverilməz olduğu vurğulayıblar.

Aşıqlar Nargilə Mehtiyeva, Məsim Rəcəbov Azərbaycan və türk aşıq havalarını, xalq mahnılarını ifa ediblər.

Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Harun Özdekiş dəstəyə görə Azərbaycan və türk diaspor təşkilatlarına minnətdarlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi