Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartl bölgəsinə səfəri çərçivəsində Marneuli rayonunun Dəmyə Gorarxı kəndinə baş çəkib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, dövlət başçısı kənddəki istixana təsərrüfatı ilə və orada çalışan insanlarla tanış olub.
S.Zurabişvili Kvemo Kartlidə kənd təsərrüfatının inkişafı ilə maraqlanıb və bölgənin inkişafında kiçik biznesin əhəmiyyətini vurğulayıb.
Dəmyə Gorarxı kəndindəki istixana təsərrüfatı 2014-cü ildə istifadəyə verilib. İstixanalar 2 hektar sahədə yaradılıb və istehsal gücü ildə 300-400 ton tərəvəz təşkil edir.
Gürcüstan Prezidenti həmçinin Əzizkənd kəndinə də baş çəkib. Burada o, dövlətin dəstəyi ilə açılan “Mza Çitili” MMC-nin istixana təsərrüfatı ilə tanış olub. 30 nəfərin çalışdığı təsərrüfatın məhsulları yerli bazarda satışa çıxarılır. Müəssisənin yaradılmasına, ümumilikdə, 1,5 mln. dollardan çox vəsait xərclənib.