Yuxarı
    Bağlamaq

    Gürcü politoloq: “Qondarma “erməni soyqırımı”nı tanımaq gürcü xalqına qarşı hörmətsizlikdir” - RƏY

    “Bu həm də, bizə qonşu və dost, qardaş ölkələr olan Azərbaycan və Türkiyəyə hörmətsizlikdir”

    Tbilisi. 15 aprel. REPORT.AZ/ Gürcüstanın Axalkalaki bələdiyyəsi, erməni icması və ictimai təşkilatları, Gürcüstan rəhbərliyinə müraciət edərək “qondarma erməni soyqırımı”nı tanımağı xahiş ediblər.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, müraciətdə 1915-1923-cü illərdə Osmanlı tərəfindən ermənilərə qarşı “soyqırımı” həyata keçirildiyi iddia olunur və onun Gürcüstan hökuməti tərəfindən tanınmasının vacibliyi vurğulanır.

    Ermənilərin bu müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

    Gürcüstan Parlamentinin hakim “Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasından olan deputatı Mahir Dərziyev “Report”a müsahibəsində deyib:

    “Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, bu məsələni tarixçilər araşdırmalıdırlar və öz arxivlərini elmi araşdırmalar üçün açıb. Təəssüf ki, ermənilər və bəzi siyasətçilər bu məsələdən öz məqsədləri üçün istifadə edirlər. Bu, yolverilməzdir, çünki bu məsələdən siyasi məqsədlər üçün istifadə edənlər yeni münaqişə ocaqları yarada bilərlər”.

    Deputatın sözlərinə görə, ermənilər dəfələrlə belə müraciətlər ediblər, parlamentdə də məsələ qaldırıblar. Amma heç nəyə nail ola bilməyiblər. Azərbaycanlı deputatlar, eləcə də hadisələrə və cəmiyyətdə baş verən proseslərə real baxan, demokratik düşüncəli digər deputatlar ermənilərin cəfəng fikirlərinə kəskin münasibət bildiriblər və ermənilərin “qondarma soyqırımı” məsələsi müzakirədən çıxarılıb. Dövlət rəhbəri də heç vaxt buna getməyəcək. Gürcüstan demokratik ölkədir və dəfələrlə bəyan edib ki, məsələni tarixçilər araşdırmalıdırlar.

    M.Dərziyev bildirib ki, Axalkalaki bələdiyyəsinin də parlamentə və hökumətə belə bir müraciət etməsi düzgün deyil:

    “Axalkalaki bələdiyyəsinin belə tələb və ya xahiş etmək hüququ yoxdur. Bələdiyyə yerli əhalinin sosial problemlərinin həlli ilə məşğul olmalıdır”.

    Müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyasının deputatı Azər Süleymanov da məsələnin qəbuledilməz olduğunu vurğulayıb:

    “Ermənilər dəfələrlə belə tələblərlə çıxış ediblər. Onlar çox gözəl bilirlər ki, bu dəfə də fiaskoya uğrayacaqlar. Amma siyasi xal qazanmaq üçün belə edirlər. Gürcüstan hökuməti Ermənistana görə özünün strateji tərəfdaşı və dostu olan Azərbaycan və Türkiyə ilə münasibətləri pozmayacaq. Ermənilərin arzusu elə arzu olaraq qalacaq”.

    A.Süleymanovun sözlərinə görə, Ermənistanda heç bu gün bir milyon adam yoxdur. Osmanlı dövründə o qədər erməni harada idi. Bu cür yalanlar artıq hamını bezdirib.

    Politoloq Badri Naçkebia isə deyib ki, “qondarma erməni soyqırımı”nın tanınması Gürcüstan hökumətinə və xalqına hörmətsizlikdir. Bu həm də, bizə qonşu və dost, qardaş ölkələr olan Azərbaycan və Türkiyəyə hörmətsizlikdir. Düşünürəm ki, Gürcüstan hökuməti “qondarma soyqırmı” tanımayacaq.

    Xatırladaq ki, bu artıq Gürcüstandakı erməni icması və təşkilatları tərəfindən ölkə rəhbərliyinə edilən sayca 12-ci müraciətdir. Bundan əvvəlki müraciətlərin hamısı Gürcüstan tərəfindən rədd edilib.

    Gürcüstan hökuməti dəfələrlə bildirib ki, 1915-ci ildə baş verənlərin araşdırılması və ona qiymət verilməsi öncə tarixçilərin işidir və bu məsələ tərəflərin öz aralarında həll edilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi