Yuxarı

Ərdoğan: "Mənim millətim bu hadisədə dünyaya bir örnəkdir"

Allaha şükür olsun ki, gözlədikləri nəticəni əldə edə bilmədilər

Bakı. 22 iyul. REPORT.AZ/ "Türkiyədə dövlət çevrilişinə cəhd zamanı edilənlərin Türkiyə Cümhuriyyətinin əsgəri olması mümkün deyil. Bunlar şübhəsiz ki, terrorçulardır".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar qarşısındakı çıxışında deyib.

Türkiyənin dövlət başçısı bəyan edib ki, iyulun 16-a keçən gecə ölkədə hərbi yolla dövlət çevrilişinə cəhd edən şəxsləri Fətullah Gülən idarə edib: "Bunların Pensilvaniyadakı idarəediciləri ordan özünə görə meydan oxuyur. Bir tərəfdən də qaçıb oradakı sığınacaqlarında görüşdükləri şəxslərlə birlikdə buranı izləməyə başladılar. Allaha şükür olsun ki, gözlədikləri nəticəni əldə edə bilmədilər" – deyə Ərdoğan əlavə edib.

"Mən millətimə bu çağırışı edirəm: - ikinci bir təlimata qədər bu meydanları əsla tərk etməyin. Bu, elə bir virusdur ki, metastaz verib. Heç gözləmədiyimiz yerdən təkrar zərbə endirə bilər. Amma biz bunu minimuma endirmək durumundayıq" - deyə dövlət başçısı bəyan edib.

Türkiyə prezidenti bildirib ki, çəkilmiş fotolar bütün dünyaya yayılacaq: "Xalqın seçdiyi iqtidara bundan sonra diktator deməsinlər".

Türkiyənin dövlət başçısı bildirib ki, xalq bu hadisələrdə dünyaya örnək olub: "Mən millətimi çox yaxşı tanıdığımı zənn edirəm. Mənim millətim bu hadisədə dünyaya bir örnəkdir. Mənim millətim tankların qarşısında dik dayanmış, uşağıyla, qadınıyla, kişisiylə şəhidliyə doğru addımlayıblar. Bu, çox önəmli idi".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi