Yuxarı

Türkiyədə terror aktı törədilib, 7 polis həlak olub, 27 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB 2

Hadisə Diyarbəkir-Şanlurfa avtomobil yolu üzərindəki avtovağzalın yaxınlığında olub

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktında həlak olanların sayı 7 nəfərə çatıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin inkişaf naziri Cevdət Yılmaz jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, partlayış nəticəsində 27 nəfər yaralanıb: "Onlardan 13 nəfəri polis, 14 nəfəri mülki vətəndaşdır. Biri polis əməkdaşı, biri mülki vətəndaş olmaqla, 2 nəfərin vəziyyəti ağırdır. Həlak olanların hamısı polis əməkdaşlarıdır". 

*** 20:00

Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktında həlak olanların sayı 6 nəfərə çatıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə zamanı 9-u mülki vətəndaş olmaqla 29 nəfər yaralanıb. Təcili tibbi yardım maşınlarıyla şəhərdəki müxtəlif xəstəxanalara aparılan yaralılardan 6 polis əməkdaşının həkimlərin müdaxiləsinə baxmayaraq, həyatlarını xilas etmək mümkün olmayıb. Hazırda xəstəxanalarda 9-u mülki vətəndaş olmaqla, 23 yaralının müalicəsi davam edir.

Terror aktıyla bağlı Diyarbəkir Şəhər Prokurorluğunda araşdırmalara başlanıb. 

*** 19:13

Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktında 18 nəfər yaralanıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların arasında mülki vətəndaşlar da var. 

Məlumata görə, şəhərdəki müxtəlif xəstəxanalara qaldırılan yaralılardan 4 polis əməkdaşının həkimlərin müdaxiləsinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb. 

Xəbərdə həmçinin qeyd olunub ki, ümumiyyətlə, yaralanan 18 nəfərdən 12-si polis, 6 nəfəri mülki vətəndaş olub. Hazırda yaralı polis əməkdaşlarından üçünün vəziyyətinin ağır olduğu vurğulanıb.  

*** 18:36

Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış baş verib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkir-Şanlurfa avtomobil yolu üzərindəki avtovağzalın yaxınlığında olub.

Məlumatda Diyarbəkirdə polisləri daşıyan mikroavtobusun hərəkəti zamanı içərisinə partlayıcı maddə qoyulmuş avtomobilin partladıldığı, nəticədə avtobusun içərisindəki polislərin və ətrafdakı vətəndaşların yaralandığı qeyd olunub. 

Xəbərdə həmçinin hadisə yerinə çox sayda təcili tibbi yardım maşınının sövq edildiyi, yaralı polislərin Diyarbəkir Hərbi Hospitalına, mülki vətəndaşların isə müxtəlif xəstəxanalara aparıldığı vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi