Yuxarı

​Binəli Yıldırım: "Vətəndaşına silah çevirənə, havadan bombalar yağdırana mərhəmət yoxdur"

Ədalət lazım olanı edəcək

Bakı. 19 iyul. REPORT.AZ/ "Mənfur dövlət çevrilişinə cəhd hadisəsi ilə əlaqədar heç bir ölkə ilə xarici, iqtisadi əlaqələrimizdə zərrəcə sarsıntı olmayıb, heç bir tərəddüd yaşanmayıb". "Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bu ölkəyə rəsmi səfər etmiş Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransına deyib.

Türkiyədə dövlət çevrilişinə cəhd barədə danışan baş nazir qeyd edib ki, ölkənin siyasi və dövlət təşkilatları hər hansı çatışmazlıqla üzləşməyərək fəaliyyətlərini davam etdiriblər: "Bu durum inkişaf etmiş demokratiyanın, oturuşmuş siyasi mədəniyyətin və siyasi qurumların, böyük Türkiyənin bir göstəricisidir".

Son günlər baş verənlərlə bağlı danışan baş nazir qeyd edib ki, dövlət çevrilişinə cəhddə hər hansı formada iştirak etmiş hər kəs layiqli cəzasını alacaq: "Tamam, olan oldu, boş verək, hər kəs yerində qalsın deyəcək halımız yox. Lazım olan tədbirlər görülür. Bu işin içində hər hansı formada iştirak etmiş hər kəs öz cəzasını alacaq. Etdiyimiz budur".

Baş nazir qeyd edib ki, Türkiyə dövləti və xalqı böyükdür: "Türk millətini sınamağa cəhd göstərmək ən böyük dəlilikdir. Bu dəliliyi edənlər də nəticəsini gördülər və sonucuna da qatlanacaqlar. Bu işdən qaçış yox. Biz mərhəmət sahibiyik. Amma vətəndaşına silah çevirənə, havadan bombalar yağdırana mərhəmət yoxdur. Burada ədalət var. Ədalət hər şeyin ölçüsüdür. Ədalət lazım olanı edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi