Yuxarı

​ABŞ səfiri: "Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün səylər göstərilib"

Sekuta: Türkiyə NATO çərçivəsində ABŞ-ın tərəfdaşıdır

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland və konqresmen Adam Şiffin AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində xüsusi rol oynamaları ilə bağlı məsələyə münasibət bildirib.

"Report" xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında ABŞ-da 435 konqresmen və 100 senatorun olduğunu, onların hər birinin də öz fikrini ifadə etmək hüququnun olduğunu bildirib.

Sekuta konqresmen Adam Şiffin dedikləri barədə tam məlumatlı olmadığını, lakin Nulandın azad və sülh içində olan Avropa görmək istiqamətində səy göstərdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir bildirən səfir qeyd edib ki, "mən danışıqlara bilavasitə aidiyyəti olmayan şəxsəm, lakin bir vacib məqamın olduğunu düşünürəm. ATƏT-in Minsk qrupu kimi iki tərəf arasında davamlı sülhün əldə olunması istiqamətində fəaliyyət göstərən bir qurum var".

O ümid etdiyini bildirib ki, bu məsələ süh yolu ilə öz həllini tapacaq.

Robert Sekuta son vaxtlar Rusiya və Türkiyə arasında yaranan gərginliklə bağlı da fikirlərini bildirib. Səfir xatırladıb ki, Türkiyə NATO çərçivəsində ABŞ-ın tərəfdaşıdır. Eyni zamanda Rusiya da dünyada baş verən proseslərdə müəyyən rol oynayır.

"Gərginliyin azaldılması üçün müəyyən səylər də göstərilib", - deyə o bildirib.

Xatırladaq ki, amerikalı konqresmen Adam Şiff "Horizon Life" verilişində Ermənistanın "Asbarez" qəzetinin redaktoru Ara Xaçatryana müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində xüsusi rol oynadığını bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi