“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Rusiya Azərbaycan tərəfdən gələn istənilən siqnala çox diqqətlə yanaşır və biz onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq”.
Bunu “Report”un Moskva bürosunun rəsmi Moskvanın Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması ilə bağlı iddialarını şərh etmək istəyinə cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Daha əvvəl Rusiyanın aprelin əvvəlində BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın müxtəlif regionlarında hərbi bioloji fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə dair dinləmələr keçirməyə təşəbbüs etdiyi, bu dinləmələr zamanı ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bioloji laboratoriyalarının olduğunu vurğuladığı bildirilmişdi.
M.Zaxarovanın sözlərinə görə, Təhlükəsizlik Şurasında Arria formulası üzrə baş tutmuş həmin görüş qeyri-rəsmi olub. O, vəziyyəti belə izah edib: “Bu, başa düşmək üçün vacib bir nüansdır. Mən də bu təfsiri qəbul edə bilmirəm. Milli biolaboratoriyaların olmasının özü qınanmalı bir şey deyil, çünki öz səhiyyə sistemi olan istənilən ölkədə biolaboratoriyalar var”.
Diplomat qeyd edib ki, məsələ bu biolaboratoriyalarda kimin, necə və hansı məqsədlər üçün, yəni nə dərəcədə aydın və şəffaf, eləcə də qanunvericilik əsasında çalışmasındadır.
“Biz Ukraynada bioloji laboratoriyalar məsələsini qaldıranda bildirdik ki, bioloji laboratoriyalar bu ölkə ilə həmsərhəd olmayan başqa dövlətin nəzarətindədir. Biotəhlükəsizlik məsələsi isə kritik əhəmiyyət kəsb edir”, - Rusiya XİN rəsmisi fikrini yekunlaşdırıb.