Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistanın hökumət binası yaxınlığında dramın qiymətdən düşməsi və bahalaşma əleyhinə etiraz aksiyaları keçirilib.
"Report" "NEWS.am"a istinadən xəbər verir ki, nümayişçilər hökumətə altı tələb irəli sürüblər və onların yerinə yetirilməsi üçün dekabrın 23-dək vaxt veriblər.
"Əgər dekabrın 23-dək bizim tələblərimiz yerinə yetirilməzsə, biz oliqarxların supermarketlərini boykot edəcəyik və həmin mağazalardan alış-veriş etməyəcəyik", - etirazçılar bildiriblər.
Aksiya iştirakçıları gündəlik tələbat mallarının qiymətinin böhrandan əvvəlki səviyyəyə çatdırılmasını, qazdoldurma stansiyalarında qazın qiymətinin aşağı salınmasını, vətəndaşların dollar kreditlərinin yenidən hesablanmasını, bütün monopoliya növlərinin aradan qaldırılması yolu ilə bazarın liberallaşdırılmasını tələb edirlər.
Aksiyanın sonunda yayılan bəyanatda qeyd olunur ki, irəli sürülən tələblər yerinə yetirilməzsə, sosial partlayış baş verəcək və onun nəticələri hökumət üçün gözlənilməz olacaq.