Bakı. 4 dekabr. REPORT.AZ/ Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin ölkə paytaxtı Sənadakı evi qiyamçı husi silahlıları tərəfindən partladılıb.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil.
Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atışma son həftədə yenidən şiddətlənib.
Ötən gün Ə.A.Saleh husilərlə müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bildirib: "Sənanın döyüş meydanında həlledici məqam yetişdi...Ölkə husilərin ağılsızlıqlarından xilas olmalıdır".
Keçmiş prezident öz qərarını qruplaşmanın Yəmən vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri ilə izah edib: "Onlar öz tamahkar məqsədləri üçün ölkəni aclığa düçar ediblər və İranın siyasi sifarişlərini rəhbər tuturlar".