Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev olub.
O, anadan olduğu Basarkeçər rayonunun Qanlı kəndindən söhbət açıb. Bildirib ki, ilk təhsilini bu kənddəki orta məktəbdə alıb, 13 yaşına kimi Qanlıda yaşayıb. Millət vəkili kənddə elmə, təhsilə böyük diqqət yetirildiyini, dərslərini yaxşı oxuduğunu, kənd kitabxanasındakı kitabların mütləq əksəriyyətini uşaq vaxtı mütaliə etdiyini vurğulayıb. Deyib ki, ailəsi ilə birlikdə 1988-ci il dekabrın 3-də zorla ata-baba yurdundan qovulub, didərginlik həyatı yaşamağa məhkum olub.
Sonralar orta təhsili Azərbaycanda başa vurduğunu, ali təhsil aldığını, Avropada təhsilini davam etdirdiyini, diplomatik fəaliyyətlə məşğul olduğunu xatırladan müsahib bildirib ki, əldə etdiyi bütün uğurlarda Qanlı kənd orta məktəbində aldığı ilk təhsilin mühüm rolu olub. O, diplomatik fəaliyyətlə məşğul olduğu illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağın tarixinə dair alman, ingilis dillərində 15 kitabın həmmüəllifi olduğunu söyləyib. Qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin də bu qaydada beynəlxalq ictimaiyyətə çatdırılması üçün elmi və diplomatik müstəvidə fəaliyyət ortaya qoyub.
Millət vəkili deyib ki, Avropada soydaşlarımızın geriyə qayıtmaq hüququna münasibət heç də birmənalı deyil. Vətənə qayıtmağın hər bir şəxsin ən ümdə hüququ olduğunu dilə gətirən R.Nəbiyev onu da əlavə edib ki, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasından indiyə qədər ötən vaxt ərzində ölkəmizə, həmvətənlərimizə dəymiş ziyanın hesablanması və beynəlxalq məhkəməyə təqdim olunması istiqamətində fəaliyyət davam etdirilir.
Deputat bildirib ki, Ermənistan soydaşlarımızın deportasiyası, torpaqlarımızın işğalı ilə yanaşı, Azərbaycana, dinc sakinlərimizə qarşı genişmiqyaslı mina terroru törədib. Onun sözlərinə görə, 1991-ci ildən indiyə qədər 3500-ə yaxın azərbaycanlı mina terrorunun qurbanı olub.
Qərbi Azərbaycan əcdadlarımızın uyuduğu müqəddəs Vətən torpağıdır söyləyən R.Nəbiyev əminliklə söyləyib ki, soydaşlarımız dinc yolla öz ata-baba yurdlarına qayıdacaqlar. Millət vəkilinin qənaətincə, bu zaman soydaşlarımızın təhlükəsizliyini Ermənistan Azərbaycanla birlikdə təmin etməlidir.
Millət vəkili R.Nəbiyev Ermənistanın konstitusiyasında, həmçinin digər hüquqi və siyasi aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer almasına da toxunub. Deyib ki, Ermənistan konstitusiyasında dəyişiklik olmadan sülh müqaviləsi imzalana bilməz.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.