Kino qlobal dialoqun inkişafına töhfə verir, dünyagörüşün genişləndirilməsində və digər ölkələrin mədəniyyətlərinin dərk edilməsində böyük rol oynayır.
“Report”un Həştərxana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycanın “1news.az” portalının baş redaktoru Kəmalə Məmmədova IX Xəzər Media Forumu çərçivəsində “Kino universal ünsiyyət dili kimi” sessiyasında çıxış edib.
“Müasir Azərbaycan kinosu inkişaf edir. Ənənələri və yenilikləri birləşdirərək beynəlxalq arenada öz yerini tapmağa çalışır. Bu gün Azərbaycan kinematoqrafiyası çox geniş mövzuları əhatə edir. Rejissorlarımız dram və komediya kimi ənənəvi janrlarda, eləcə də aktual sosial və mədəni problemləri araşdıran sənədli filmlər və s. daxil olmaqla daha eksperimental formalarda işləyirlər”, - o bildirib.
K.Məmmədova qeyd edib ki, son illər Azərbaycan kino sənayesində yeni texnologiyaların tətbiqi genişlənir və bu, beynəlxalq arenada rəqabət apara biləcək daha keyfiyyətli məhsullar yaratmağa imkan verir: “Bundan əlavə, müxtəlif ölkələrin kinematoqrafçıları ilə əməkdaşlıq fəal şəkildə inkişaf edir”.
O, həmçinin Azərbaycanın xarici filmlərin çəkiliş məkanı kimi populyarlığını saxladığını diqqətə çatdırıb.
Məşhur özbəkistanlı aktyor və rejissor Rüstəm Saqdulayev çıxışında qeyd edib ki, Xəzəryanı ölkələrin birgə film istehsalını canlandırmaq lazımdır: “Yaxşı kinonu dünya bazarlarına çıxarmaq üçün gücləri birləşdirmək lazımdır. Birlikdə yaxşı film çəkmək lazımdır”.
Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin İdarə Heyəti sədrinin istehsal üzrə müavini Baurjan Şukenov çıxışında bildirib ki, Xəzəryanı ölkələr əslində kinematoqrafiya sahəsində bir-biri ilə əlaqə saxlamır və əməkdaşlıq etmir.
Onun fikrincə, bu vəziyyətdən çıxış yolu kinematoqrafiya sahəsində Əməkdaşlıq Memorandumunun imzalanması ola bilər ki, bu da birgə filmlərin istehsalı məsələsini xeyli asanlaşdıracaq.
B.Şukenov bildirib ki, növbəti addım digər Xəzəryanı dövlətlərdən maliyyə cəlb etmək ola bilər: "Bu memorandum birgə yaradıcılıq üçün ilkin şərtlər və çərçivə yaradır”.
O, həmçinin qeyd edib ki, Xəzəryanı dövlətlər öz kino məhsullarını regional film festivallarında və digər dövlətlərdə keçirilən oxşar tədbirlərdə təqdim edirlər: “Biz kommersiya kinosu zənciri yaratmalıyıq, orada filmlərimizi digər Xəzəryanı ölkələrə sata bilərik. Bu komponent yoxdur və onu işləyib həyata keçirmək yaxşı olardı”.