Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavininin əmlakına həbs qoyulub
- 26 dekabr, 2019
- 08:35
Böyük məbləğdə dələduzluqda təqsirləndirilən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovun əmlakına həbs qoyulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib.
Bildirilib ki, rəis müavininin bir neçə milyon rubl dəyərində torpaq sahəsi və obyektlərinə həbs qoyulub.
X.Arslanov yuxarı məhkəmə instansiyasına şikayət etdiyindən hazırda qərar qüvvəyə minməyib.
Məlumata görə, X.Arslanov məxfi texniki-əməliyyat üçün alınan xüsusi texnikanın qiymətini saxtalaşdıraraq baha göstərib. Bu zaman böyük məbləğdə dələduzluğa yol verdiyi iddia olunur.
Qeyd edək ki, bir müddət əvvəl Xəlil Arslanova qarşı 2 milyard rubl (32 mln. 353 min dollar) büdcə vəsaitinin mənimsənilməsinə görə cinayət işi qaldırılması barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Xəlil Abudxalimoviç Arslanov 1965-ci il aprelin 4-də Rusiyanın Ulyanovsk vilayəti Silninsk rayonunun Yeloxovo-Ozyornoye kəndində anadan olub. O, Rusiya Silahlı Qüvvələri Baş Rabitə İdarəsinin rəisi, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinidir. Ona qarşı 2019-cu ilin oktyabrında böyük məbləğdə dələduzluğa görə ittiham irəli sürülüb.
