WSJ: Rusiya digər ölkələrdən satdığı silahları geri istəyir

WSJ: Rusiya digər ölkələrdən satdığı silahları geri istəyir Rusiya Pakistan, Misir, Belarus və Braziliya kimi ölkələrə ixrac etdiyi silahların bir hissəsini geri almağa çalışır.
Region
9 Noyabr , 2023 04:01
WSJ: Rusiya digər ölkələrdən satdığı silahları geri istəyir

Rusiya Pakistan, Misir, Belarus və Braziliya kimi ölkələrə ixrac etdiyi silahların bir hissəsini geri almağa çalışır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

Üç mənbə nəşrə bildirib ki, ötən ilin aprelində paytaxt Qahirəyə səfər etmiş Rusiya rəsmilərindən ibarət nümayəndə heyəti Misir Prezidenti Əbdülfəttah əl-Sisidən Moskvanın Ukraynaya qarşı müharibəsi üçün lazım olan Rusiya helikopterlərindən yüzdən çox mühərriki geri qaytarmasını istəyib.

Mənbələrə görə, Sisi razılaşıb və 150-yə yaxın mühərrikin tədarükünün gələn ay başlanması ehtimalı var.

“Bu danışıqlar Rusiyanın onilliklər ərzində Rusiya təyyarələri, raketləri və hava hücumundan müdafiə sistemləri satın alan və Moskvanı dünyanın ikinci ən böyük silah ixracatçısına çevirən uzunmüddətli müştərilərindən kömək istəmək səylərinin bir hissəsi idi.

Rusiya il ərzində Pakistan, Belarus və Braziliya rəsmiləri ilə qoşunlarının müharibənin əvvəlində itirdiyi Rusiya hücum və nəqliyyat helikopterləri üçün mühərriklər əldə etmək cəhdi edərək danışıqlar aparıb”, – WSJ qeyd edib.

Bu barədə nəşrə iki mənbə, o cümlədən keçmiş Rusiya kəşfiyyatçısı məlumat verib. Mənbənin sözlərinə görə, Rusiya indi gizli şəkildə əvvəllər “müştərilərinə” satdığını geri almağa çalışır.

Bundan əlavə, müharibə səbəbindən Rusiya gəlirli silah ixracı “biznesinin” bir hissəsini qurban verib. Nəşrin həmsöhbətlərinin qeyd etdiyi kimi, xüsusən də Hindistan və Ermənistan üçün nəzərdə tutulmuş silahlar indi Ukraynada cəbhə xəttinə göndərilir.

“Moskvanın qaytarma səylərinin çoxu Kremlin ölkənin şərqində və cənubunda Ukraynanın hücumlarını dəf etməyə çalışdığı vaxt baş verib. İndi bu hücum yavaşladığı üçün Rusiya döyüş meydanında təşəbbüsü ələ keçirməyə çalışır, bununla belə, yeni tədarüklərin Moskvanı hücumlarını gücləndirmək üçün lazımi resurslarla təmin edib-etməyəcəyi bəlli deyil”, – nəşr qeyd edib.

Son xəbərlər

Orphus sistemi