Ukrayna və Rusiya prezidentləri - Vladimir Zelenski ilə Vladimir Putin arasında telefon danışığı olub.
“Report” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Ukraynanın dörd hərbçisinin ölkənin şərqində ötən gecə həlak olması ilə bağlı hadisəyə toxunan tərəflər Üçtərəfli Təmas Qrupu çərçivəsində dialoqun vacibliyini qeyd ediblər.
Həmçinin əsirlərin dəyişdirilməsinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, “Normandiya formatı” ölkələri arasında yüksək səviyyəli görüş keçirməklə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, bundan əvvəl ölkənin hərbi rəhbərliyi ilə şərq regionundakı vəziyyətlə bağlı müşavirə keçirən prezident V.Zelenski hərbi əməliyyatlarda insan tələfatına son qoymaq üçün “Normandiya formatı” ölkələri liderləri ilə təmasları artırmaq və həmin ölkələrin liderləri arasında görüş barədə təşəbbüs irəli sürmək niyyətində olduğunu diqqətə çatdırıb.