UNİAN-ın Baş direktoru: “Ukrayna üçün fevralın 24-də baş verən hadisələr sürpriz olmadı”

Region
  • 17 yanvar, 2023
  • 10:07
UNİAN-ın Baş direktoru: “Ukrayna üçün fevralın 24-də baş verən hadisələr sürpriz olmadı”

“Ukrayna üçün fevralın 24-də baş verən hadisələr sürpriz olmadı, çünki Rusiya bütün müharibələrini kütləvi informasiya kampaniyaları ilə başlayır”.

Bunu "Report"a müsahibəsində UNİAN agentliyinin Baş direktoru Mixail Qanitski deyib.

"Rusiya ilə Ukrayna arasında gedən informasiya müharibəsində kimin üstün olduğunu siz kənardan daha yaxşı görə bilirsiniz. Dezinformasiya ilə mübarizə 2014-cü ildən etibarən Ukrayna mətbuatının və ictimai sektorunun ən mühüm vəzifələrindən birinə çevrilib. Fevralın 24-də baş verən hadisələr Ukrayna üçün sürpriz olmadı, çünki Rusiya bütün müharibələrini kütləvi informasiya kampaniyaları ilə başlayır”, - o bildirib.

UNİAN rəhbərinin sözlərinə görə, hələ sovet dövründə, 1988-ci ildə Qarabağ hadisələri zamanı Azərbaycan da eyni halla üzləşmişdi. Daha sonra Rusiyanın təbliğat maşını Dnestryanı bölgədə Moldova nasistlərinin rusdilli əhalini öldürməsi haqqında saxta hekayələr uydurmağa başladı. "Biz 2008-ci ildə Gürcüstanda da bunun şahidi olduq. Həmin vaxt, demək olar ki, bütün dünya Gürcüstanın həqiqətən də Osetiyada yaşayan vətəndaşlarına hücum etdiyini düşünürdü. Onlar 2014-cü ildə də eynisini etdilər - Krım auditoriyası arasında kütləvi informasiya kampaniyaları apararaq yarımadanın rusdilli əhalisini müəyyən addımlar atmağa stimullaşdırdılar", - Baş direktor vurğulayıb.

UNİAN-ın direktoru qeyd edib ki, Rusiya car çəkərək bütün dünyaya guya başqa çıxış yolunun olmadığına və özünü müdafiə etmək üçün aqressiv addımlar atmağa məcbur olduğuna inandırmağa çalışıb: "O vaxtdan Ukraynada "Stop fake" kimi bir neçə təşkilat yaradılıb. Bu təşkilat Rusiya təbliğatının yaydığı saxtakarlıqları təkzib etməklə məşğuldur. 2014-cü ildən sonra bizə bir şey aydın oldu: rəsmi orqanlarında və ya mətbuatında nə deyilməsindən asılı olmayaraq, ruslara etibar etmək olmaz. Əgər onlar həqiqəti yazırsa belə, bu, təsadüfən baş verir”.