BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşdırılmış qurumu olan UNESKO Türkiyəni İstanbuldakı Ayasofya məbədinin statusunu dəyişdirməməyə və onu məscidə çevirməməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
“Ayasofya “İstanbulun tarixi əraziləri”nin bir hissəsi kimi Dünya İrs Siyahısına muzey kimi daxil edilib. Bu, bir sıra qanuni öhdəliklər və vəzifələri özündə cəmləşdirir. Beləliklə, dövlət bu ərazidə olan mülklərin müstəsna ümumi dəyərinin heç bir şəkildə dəyişməməsini təmin etməlidir”, - bəyanatda qeyd olunub.
UNESKO Türkiyəni hər hansı bir qərar verilmədən dialoqa çağırıb.
Təşkilat qeyd edib ki, bu cür obyektlərdə hansısa dəyişiklik etmək üçün dövlət əvvəlcə UNESKO-ya bildiriş göndərməli və zəruri hallarda Dünya İrs Komitəsindən yoxlama aparılmasını tələb etməlidir.
Qeyd edək ki, son günlərdə Türkiyədə Ayasofya məbədinin yenidən məscidə çevrilməsi aktiv müzakirə olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın statusunun dəyişdirilməsi və muzeydən məscidə çevrilməsi ehtimalı ilə əlaqədar Dövlət Şurasının qərarını gözlədiyini və bundan asılı olaraq hərəkət edəcəklərini söyləyib. Türkiyənin Ali İnzibati Məhkəməsi - Dövlət Şurası isə iyulun 2-də Ayasofyanın statusunun dəyişdirilməsi məsələsinə baxıb. Dövlət Şurası hesab edir ki, məbədin statusunu dəyişdirmək üçün prezident sərəncamı kifayətdir. Dövlət Şurasının qərarının 15 gün ərzində dərc olunacağı gözlənilir.
Xatırladaq ki, Fateh Sultan Mehmetin İstanbulu fəth etməsindən sonra məscidə çevrilən Ayasofya 1934-cü ildə Nazirlər Kabinetinin (Bakanlar Kurulu) qərarı ilə muzeyə çevrilib və bu günə qədər də o statusda mövcudluğunu davam etdirir.