Ukraynada son sutkada 224 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, Şərqi Avropa ölkəsində qeydə alınmış koronavirusa yoluxma faktlarının sayı 1892-yə çatıb. İndiyədək ölənlərin sayı 57, sağalanların sayı isə 45 nəfərdir.
Bildirilir ki, ölkədə yoluxma faktlarının ən böyük qismi qərbdə yerləşən Çernivtsi vilayətində qeydə alınıb – 302.
Qeyd edək ki, Ukraynada ötən gün yoluxma hallarının 1 668 olduğu açıqlanmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 331 011 nəfəri sağalıb, 88 550 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.