Ukrayna səfiri: "Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk"

Ukrayna səfiri: "Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk" Azərbaycan Ukrayna üçün əsl dostdur, çünki xalqlarımız dövlətin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin nəyin bahasına başa gəldiyini yaxşı bilirlər.
Region
24 Fevral , 2023 14:47
Ukrayna səfiri: Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk

"Azərbaycan Ukrayna üçün əsl dostdur, çünki xalqlarımız dövlətin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin nəyin bahasına başa gəldiyini yaxşı bilirlər".

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ildönümünə həsr olunmuş “Biz tab gətirdik... Biz qalib gələcəyik!” sərlövhəli məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başladıqdan sonra ukraynalıların həyatı "əvvəl" və "sonra"ya bölünüb.

“Ukraynanın şərə müqavimət göstərməsindən bir il ötür. Buça, İrpin, Xarkov, Sumı, Xerson, Melitopol, Kiyev, Vinnitsa, Mariupol, Rubijne, Çerniqov, İzyum, Soledar, Baxmut... Bu, rus işğalçısının göz yaşı, ağrı və iztirab gətirdiyi Ukrayna şəhərlərinin tam siyahısı deyil. Bəzi Ukrayna şəhərləri sadəcə olaraq yer üzündən silinib və onların mövcud olduğu ərazilər minlərlə mina və sursatla çirklənib”, - məqalədə deyilir.

Səfir qeyd edir ki, Rusiya məkrli "sülhməramlı" maskasını atıb, Ukrayna millətini məhv etmək, Ukrayna kimliyini, mədəniyyətini və dilini yox etmək məqsədi güdür.

“Bəs niyə belə oldu ki, XXI əsrdə Avropanın mərkəzində bir dövlət digərinə hücum etdi? Cinayətləri cəzasız qalan yeni diktator niyə peyda oldu? Avropada hələ də başqalarının varlığını inkar edən, müharibəni, zorakılığı, işğalı alqışlayan xalqlar varmı? Bu sualların yalnız bir cavabı var: cəzasız qalmış şər həmişə geri qayıdır”, - məqalədə deyilir.

Səfirin sözlərinə görə, bu gün mavi-sarı bayraq xaricdə sarsılmazlıq və azadlıq simvolu kimi qəbul edilir. “Ölkəmiz üçün bu dönüş dövründə bizim əsl dostumuzun, düşmənimizin kim olduğunu, Ukraynada baş verənlərə qarşı laqeyd olmadığını və həyəcanını sadəcə imitasiya edənləri açıq şəkildə tanıdıq.

Şübhəsiz ki, Azərbaycan Ukrayna üçün əsl dostdur, çünki xalqlarımız dövlətin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin nəyin bahasına başa gəldiyini yaxşı bilirlər”.

V.Kanevski müxtəlif qitələrdə Ukraynaya kömək əlini uzadan hər kəsə minnətdarlığını bildirib: “Sizin köməyinizi və dəstəyinizi hiss edirik, bu, bizə güc verir! Biz xarici ölkələrin mərkəzi meydanlarını Ukraynaya dəstək çağırışı ilə dolduran hər bir icma nümayəndəsinə minnətdarıq. Biz Ukraynaya və ukraynalılara humanitar və digər yardımları davam etdirən ölkələrə, eləcə də sadə vətəndaşlara və ailələrə minnətdarıq. Biz Ukrayna uğrunda, o cümlədən, diplomatik və sanksiya arenalarında döyüşən hər kəsə minnətdarıq.

İnsanlar, siz möhtəşəmsiniz! Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk”.

Son xəbərlər

Orphus sistemi