İzmir. 5 may. REPORT.AZ/ İzmir Böykşəhər bələdiyyəsinin və Azərbaycan Qardaşlıq və İşbirliyi dərnəyinin təşkilatçılığı ilə İzmirin Sahil evləri yaxınlığında, 47 hektar ərazidə Bakı parkı və abidəsinin açılışı keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, açılış mərasimidə İzmir böyükşəhər bələdiyyəsinin sədri Əziz Qocaoğlu, İzmirin Narlı dərə Bələdiyyəsinin rəhbəri Abdül Batur, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Qardaşlıq və İşbirliyi təşkilatının rəhbəri Asif Qurban, ziyalılar, İzmirdə yaşayan, təhsil alan həmvətənlərimiz iştirak edib.
Mərasimdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra parkda yer alan güşələrdən bəhs edən film nümayiş olunub. Azərbaycan əsilli şair Tuğrul Kəskin Bakı və İzmiri vəsf edən şeirlər səsləndirib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət", Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" - tarixi kəlamlarına diqqət çəkilib, iki qardaş ölkənin tarix boyu birlik və bərabərliklərini qorumaq üçün mücadiləsindən söz açılıb. Tədbirdə parkın gələcəkdə daha da genişləndiriləcəyi bildirilib. Tədbir iştirakçıları parkı gəzərək, xatirə fotosu çəkdiriblər.
Sənətçilər parkda Azərbaycan mahnılarından ibarət konset proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, Tükiyə Böyük Millət Məclisinin qərarı ilə İzmir və Bakı qardaşlaşmış şəhər elan olunub.
Vüsalə Abbasova