Türkiyənin hakimiyyət orqanları mümkün güclü zəlzələyə hazırlıq çərçivəsində 2024-cü ilin əvvəlində İstanbulun mənzil fondunun yenilənməsi planını həyata keçirməyə başlayacaq.
"Report"un məlumatına görə, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki "TV-100" telekanalının efirində bildirib.
"Maksimum 10 gün ərzində (təmir -red) planını hökumətin iclasında təqdim edəcəyəm. Bütün lazımi normativ aktları 15-20 gün ərzində hazırlayacağıq və gələn ilin əvvəlində həmvətənlərimizə proqramın başladığını elan edə biləcəyik”, - nazir bildirib.
Seysmoloqlar dəfələrlə İstanbul ərazisində güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq ediblər. Onların proqnozlarına görə, 7 və ya daha çox bal gücündə zəlzələ zamanı 16 milyon əhalisi olan şəhərdə 90 minə yaxın bina dərhal çökə bilər, 260 min bina zədələnərək yaşayış üçün yararsız hala düşəcək, 4,5 milyon insan isə müvəqqəti mənzilə ehtiyac duyacaq.
"Heç kəsi qorxutmaq istəmirəm, amma həqiqəti söyləmək lazımdır: İstanbulda mümkün (güclü-red) zəlzələ bütün Türkiyə üçün pis nəticələrə səbəb ola bilər. İstanbulda, təxminən, 6 milyon ev və təxminən 1,5 iş yeri var. Təxminən 600 min mənzil fondunda yaşamaq risklidir, ona görə də ilkin mərhələdə belə köçürülməni nəzərdə tutan proqrama ehtiyacımız var”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyədə təxminən 30 milyon ev və 7,5 milyon iş yeri var. Altı milyon binanın risk altında olduğunu deyən nazir ölkədə hər il azı iki güclü və dağıdıcı zəlzələnin baş verdiyini bildirib.