“Ötən il “Barış pınarı əməliyyatı”na (Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı - red.) görə Türkiyəyə silah satışını dayandıran Kanada bu dəfə də qardaş Azərbaycanın Türkiyə istehsalı olan PUA-larla dastan yazan mübarizəsinə qarşı eyni qərarı qəbul edib”.
“Report” “AHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Kanada hökumətinin Türkiyə PUA-larına rabitə texnologiyası satışını dayandırdığına dair qərarına cavabında bildirib.
“Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standartdan yanaşmasına nümunədir.
Kanada BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatlara məhəl qoymayaraq bu əsrin ən böyük insanlıq dramlarından biri yaşanan Yəməndə böhranı hərbi müdaxilə yolu ilə həll etmək istəyən ölkələrə silah-sursat, hərbi texnika ixracatını, silah satışını bölgənin təhlükəsizliyinin təmin olunmasında iştirak kimi təqdim edir. NATO-da müttəfiqinə müdafiə avadanlığı ixracatının qarşısının alınmasının hər hansı izahatı yoxdur”, - bəyanatda vurğulanıb.
Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu addımını müttəfiqlik ruhuna uyğun gəlməyən, əməkdaşlıqdan uzaq bir davranış olaraq qiymətləndirib:
“Kanadadan ikili standartlardan uzaq bir siyasət yürütməyi, ölkəsində Türkiyəyə qarşı dairələrin təsiri altında qalmadan və dar siyasi maraqlardan uzaq duracağını gözləyirik”.
Xatırladaq ki, oktyabrın 5-də Kanada hökuməti Türkiyəyə informasiya texnologiyası ilə bağlı avadanlıq ixrac etməyi dayandırdığına dair qərar qəbul edib. Türkiyədə həmin texnologiyanın hazırlandığına dair xəbərlər yayılıb.