Bakı. 22 dekabr. REPORT.AZ/ Ankara kürd "peşmərgələri"nin hazırlıq düşərgəsindəki əlavə hərbi kontingentini çıxarıb, lakin onların təlimi üzrə proqramı davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini və hökumətinin rəsmi nümayəndəsi Numan Kurtulmuş Nazirlər Kabineti iclasının yekununda bildirib.
"Orada türk hərbçiləri tərəfindən təlimlər davam etdiriləcək. Bizim Başika düşərgəsinə əlavə olaraq yerləşdirilən hərbçilərimizin əsas məqsədi "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı döyüş hazırlığı səviyyəsini artırmaq idi. Bizim hərbçilər orada daha yaxşı müdafiə təşkil edirlər. Bu əlavə olaraq səfərbər edilmiş hərbçilərin bir hissəsi daha əvvəlki yerləşmə zonasına çağırılıb", - deyə o bildirib.
Lakin Kurtulmuş qeyd edib ki, Türkiyə qoşunlarının İraqda və digər bölgələrdə iştirakının təhlükəsizliyini təmin etmək üçün sayıqlıq göstərəcək.