Pentaqon sözçüsü: "Türkiyə pilotları Lukedə təlimləri davam etdirir"
- 03 aprel, 2019
- 12:00
Türkiyə pilotları və texniki xidmət heyəti ABŞ-ın Luke hərbi hava bazasında təlimləri davam etdirir.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü, polkovnik-leytenant Maykl Endryus bildirib.
Lakin o, 2019-cu ilin noyabrında Pentaqonun Türkiyəyə göndərməyi planlaşdırdığı “F-35” qırıcıları üçün hazırlıq işləri və təyyarələrin ehtiyat hissələrinin tədarükünün dayandırılmasından bəhs olunan təlimləri əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Pentaqon sözçüsünün çıxışından 7 saat əvvəl Oklahoma ştatından respublikaçı-senator Ceyms İnhof isə bildirmişdi: “Luke bazasında türklər üçün “F-35”lərlə bağlı təlimləri dayandıracağımıza dair qərar qəbul edilib”.
Qeyd edək ki, ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Keti Uilbarger "F-35" təyyarələrinin Türkiyəyə tədarükü üzrə hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirdiyini bildirmişdi. Başqa bir xəbərə əsasən, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.