Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, anım mərasimi çərçivəsində Xocalı qətliamı mövzusunda fotolar sərgilənib.
Tədbir iştirakçıları ilk öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilən sənədli filmin nümayişi olub.
Muzeyin direktoru Leyla Əliyeva açılış nitqi ilə çıxış edərək 29 il öncə Xocalıda törədilən qeyri-insani vəhşiliklər barədə danışıb. O, bu cinayətin yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı yönəldiyini qeyd edib. L.Əliyevanın sözlərinə görə, Azərbaycan 30 ilə yaxın davam edən işğala şanlı qələbə ilə son qoyaraq beynəlxalq ədalətin təntənəsinə nail oldu.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Xocalının işğalı tarixindən və şəhərdə mülki insanlara qarşı törədilən kütləvi qırğından söz açıb.
O, Xocalı soyqırımının Azərbaycanın tarixində qara səhifə və XX əsrin ən dəhşətli cinayəti adlandırıb.
F.Quliyev Azərbaycanın tarixi ərazilərini azad etmək üçün aparılan 44 günlük müharibədən də danışıb. O qeyd edib ki, Ermənistan bu müharibədə də beynəlxalq humanitar hüquq normalarını pozub.
Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Xocall qurbanlarına və şəhidlərə Allahdan rəhmət diləyib. O, tezliklə Xocalı qurbanları üçün də ədalətin tam bərpa oluncağına inam ifadə edib.
Mərasimdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının gürcü dilində hazırladığı “Ana fəryadı” adlı teatrlaşdırılmış səhnə təqdim olunub. Səhnə əsərində işğaldan azad olunan yurduna qayıdan gənc qızın taleyindən bəhs edilir. Xocalı şahidi olan həmin qız faciə barədə acı xatirələrini danışır. Sonda qızın anası səhnədə görünür. Qadının ruh və ya sağ olması fikri tamaşaçıların ixtiyarına buraxılır. Kiçik tamaşa ana və balanın sülhə çağırışları ilə bitir. Quruluşçu rejissoru Turqay Vəlizadə olan səhnə əsərində rolları aktrisalar - Aida Tağıyeva və Leyla Qasımova canlandırıblar.
Tədbirdə Səudiyyə Ərəbistanının səfiri, Türkmənistan, Ukrayna, Belarus, Qazaxıstan səfirliklərinin nümayəndələri, gürcü ictimai xadimlər iştirak ediblər. Qonaqlara Xocalı faciəsi haqqında buklet, üzərilərində "Xocalıya ədalət" yazısı olan qoruyucu maska və döş nişanları paylanılıb.