Türkiyə bütün hallarda Suriya türkmənlərinin yanındadır və olacaq.
Bunu türkiyəli politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) Suriya üzrə araşdırmaçısı Oytun Orhan "Report"un Ankara bürosuna açıqlamasında deyib.
Suriyada baş verən son daxili qarşıdurma zamanı gücünü tamamilə itirməkdə olan Bəşər Əsəd rejiminin tamamilə çökdüyünü deyən araşdırmaçının fikrincə, hazırda Suriyadakı türkmənlərin böyük əksəriyyəti iqtidara müxalif olduğuna görə, hakimiyyətə qarşı aktiv mübarizə aparır: "Türkmənlər də digər suriyalılar kimi Əsəd rejiminin zülmünə məruz qalırlar və həm siyasi, həm də hərbi baxımdan Suriya müxalifəti ilə birlikdə hərəkət edirlər. Əgər Suriya ərazi bütövlüyünü qoruyarsa, burada türkmənlər də digər ölkə əhali kimi öz konstitusiya hüquqlarına sahib olacaqlar".
Türkiyənin Suriyada parçalanmasına tərəfdar olmadığını deyən araşdırmaçı ABŞ-nin məqsədinin isə əksinə, Suriyanı bölmək olduğunu qeyd edib: "Türkiyə dəfələrlə Bəşər Əsədə əlverişli şərtlər daxilində çağırış etdi, amma Suriya rejimi razılaşmadı. Hazırda ölkənin İraq sərhədi, Deyrizor vilayətinin mərkəzi terror təşkilatı PKK/YPG-yə verilib. Fəratın ətrafı həm siyasi, həm hərbi baxımdan ABŞ-nin nəzarətində, YPG-nin əlindədir. Rusiyanın rejimə dəstəyi yox dərəcəsindədir. Ona görə də indiki halda görünən budur ki, rejimin, müxalifətin və ABŞ-nin nəzarət etdiyi bölgə olaraq Suriya 2 və ya 3 yerə bölünəcək".
Hələb, İdlib, Həma, Təl-Rıfad, Hümsün Bəşər Əsədin nəzarətindən çıxdığını, Şamda gücünün azaldığını vurğulayan araşdırmaçı bu bölgələrdə türkmənlərin üstünlük təşkil etdiyini istisna etməsə də, türkmən dövlətinin yaranması ilə bağlı səslənən fərziyyənin həyata keçirilməsi ehtimalının zəif olduğunu deyib: "Yeni türkmən dövlətinin yaranmasını mümkün saymıram. Amma ölkədə türkmənlərin keçmiş həyat şərtləri ilə müqayisədə bundan sonra həyatlarının bütün hallarda daha yaxşı olacağını hesab edirəm. Təbii ki, Türkiyə də hər zamankı kimi onların yanında olacaq".
Qeyd edək ki, Suriya keçən əsr Hələb, Dəməşq dövlətlərinin və Ələvilərin birləşməsindən yaradılıb. Türkmənlər əsasən Şam, Lazkiye, Hələb, Həma, Hüms və Rəqqə vilayətlərində yaşayır. Onlar arasında Azərbaycan türkləri də böyük üstünlük təşkil edir.
İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi hələ ötən il Hələbdən başlayaraq İraq türkmənlərinin sıx yaşadığı İranla sərhəd olan Mendeliyə qədər ərazidə Türkmaneli Respublikasının yaradılması ilə bağlı çağırış etmişdi.