ŞƏT-in növbəti sammiti Hindistanda keçiriləcək

ŞƏT-in növbəti sammiti Hindistanda keçiriləcək Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi Hindistana təhvil verib.
Region
16 Sentyabr , 2022 16:25
ŞƏT-in növbəti sammiti Hindistanda keçiriləcək

Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi Hindistana təhvil verib.

“Report” “Sputnik-Uzbekistan”a istinadən xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov ŞƏT-in Səmərqənd Sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Səmərqənd Sammitinin nəticələrinə əsasən, ŞƏT-ə sədrliyin Hindistana verilməsi barədə qərar qəbul edilib. Beləliklə, təşkilatın növbəti sammiti 2023-cü ildə Hindistanda keçiriləcək. Bu məsul missiyanın həyata keçirilməsində strateji tərəfdaşımız olan Hindistana əlimizdən gələn köməyi edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi