Bakı. 21 iyun. REPORT.AZ/ Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Serj Sarqsyanın mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryanın evində axtarış aparıblar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib.
Onun sözlərinə görə, axtarış nəticəsində V.Kazaryanın evindən 1,75 milyon dollar aşkarlanıb: “Axtarış zamanı evdən, ümumilikdə, 1,74 milyon dollar tapılıb. Bunun 1,1 milyonu ABŞ dolları, 230 mini Britaniya funt-sterlinqi, 36 milyonu Ermənistan dramıdır. İstintaq bu pulların mənşəyini müəyyənləşdirəcək”.
Aşkarlanan pullar müsadirə edilib. Bundan başqa, onun evindən qiyməti 1 milyon dollar olan iki sənədli tapança da aşkarlanıb.
S.Truzyan deyib ki, mühafizə rəisinin ailəsinə məxsus “Yans” restoranı da qeydə alınıb.