Bu il Rusiyanın Ukraynaya hücumu ilə bağlı beynəlxalq tribunal öz işinə başlayacaq.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andrey Smirnov “Forbes” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu tribunalın yerini, hansı ölkələrin ora daxil olacağını və prosesin kimə həvalə ediləcəyini razılaşdırır: “Tribunala qoşulacaq ölkələrin sayı hələ ki məlum deyil. Avropa Parlamenti artıq xüsusi beynəlxalq tribunalın yaradılmasının zəruriliyini qəbul edib”.
A.Smirnov bildirib ki, tribunalın mandatı Rusiyanın cinayətlərini araşdırmaqdan ibarət olacaq.
Xatırladaq ki, mayın 19-da Avropa Parlamenti Rusiya və onun müttəfiqlərinin Ukraynaya qarşı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib. AŞPA da qurumun yaradılmasına dəstək verib.
Tribunal Rusiya Prezidenti Vladimir Putin və onun yaxın çevrəsini məsuliyyətə cəlb etmək məqsədi daşıyır.