Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiya hökumətindən Vladimir Leninin nəşinin gələcək taleyini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratmaq xahiş edilib.
"Report" "Russia Today"ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinə müraciəti Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı Vladimir Petrov ünvanlayıb.
Deputat hesab edir ki, 2024-cü ildə - Leninin ölümünün 100 illiyində vida mərasimi təşkil edib nəşi dəfn etmək lazımdır.
V.Petrovun fikrincə, formalaşmış qayda və ənənəni pozmamaq üçün mavzoleydə mum və ya rezin-polimerdən onun bədəninin tam oxşarını yerləşdirmək olar.
"Bu addımın müsbət tərəflərindən biri kimi, Vladimir Leninin nəşinin mövcud vəziyyətdə saxlanması üçün zəruri olan bahalı prosedurların dayandırılması ilə büdcəyə ediləcək qənaətləri göstərmək olar", - deputat bildirib.