Saxalin sahillərində buz parçasının üzərində köməksiz qalan 374 balıqçı xilas edilib - YENİLƏNİB
- 28 fevral, 2025
- 17:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Xilasedicilər Saxalin sahillərində qopan buz parçasının üzərindən 374 balıqçını xilas ediblər.
“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
"Saxalində xilasetmə əməliyyatı uğurla başa çatıb. Bütün insanlar sahilə çıxarılıb.
Ümumilikdə 374 nəfər xilas edilib", - mətbuat xidmətindən bildirilib.
Xəbər verildiyi kimi, Oxot dənizində, Saxalin sahillərində ilkin məlumatlara görə, üzərində 200 balıqçının olduğu buz parçası qopub. Fövqəladə hadisə Lesnoye kəndi yaxınlığında baş verib. Fövqəladə Hallar Nazirliyinin gəmisi və “Mi-8” helikopteri xilasetmə işlərinə cəlb edilib.
16:35
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “Telegram” kanalında məlumat verilib.
Hazırda FHN-in Saxalin vilayətindəki əməkdaşları balıqçıları xilas etməyə çalışırlar. Buz kütləsi Lesnoye kəndi yaxınlığında sahildən 700 metr aralıdadır.
Xilaetmə əməliyyatına 11 nəfər, 6 texnika, o cümlədən “Xivus” hava gəmisi cəlb olunub. Bundan başqa, “Mi-8” helikopteri hazır vəziyyətə gətirilib.