Rusiya Dövlət Duması Komitəsinin sədr müavini: "Rusiya-Türkiyə-İran ittifaqı Azərbaycan üçün də sərfəlidir" - MÜSAHİBƏ

Rusiya Dövlət Duması Komitəsinin sədr müavini: "Rusiya-Türkiyə-İran ittifaqı Azərbaycan üçün də sərfəlidir" - MÜSAHİBƏ Leonid Kalaşnikov: "Türkiyə Qərblə əlaqədar məyus olub, orada onları aldadıblar"
Region
22 İyul , 2016 12:12
Rusiya Dövlət Duması Komitəsinin sədr müavini: Rusiya-Türkiyə-İran ittifaqı Azərbaycan üçün də sərfəlidir - MÜSAHİBƏ

Moskva. 22 iyul. REPORT.AZ/ Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədr müavini Leonid Kalaşnikovun "Report" agentliyinə müsahibəsi:

- Leonid İvanoviç, Türkiyə ilə münasibətlərin normallaşmasını necə qiymətləndirirsiniz? Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd bu münasibətlərə təsir edibmi?

- Mən Türkiyə ilə dost olmaq ideyasını dəstəkləyirəm. Son 100 ildə bu ölkə ilə normal münasibətlərimiz olub. Ərazi mübahisələri həll olunub, iqtisadi maraqlarımızı müdafiə etmək üçün qarşılıqlı şəkildə qarşı-qarşıya yox, eyni cəbhədə olmağın zəruriliyi başa düşülüb. Bəli, iki ölkə arasındakı münasibətlərin, yumşaq desək, korlandığı an olub. Amma Türkiyə tərəfi öz səhvini etiraf edib və biz dost olmağa, münasibətləri gücləndirməyə davam edəcəyik. İndi aydın olur ki, Rusiya bombardmançısını vuran pilotlar bunu bəzi bədxahların göstərişi əsasında edib. Bu gün mövqelərimiz yenidən yaxınlaşır. Bu keçməli olduğumuz normal prosesdir. Amma rusların elə indidən istirahət eləmək üçün Türkiyəyə getməsini istəməzdim. Çünki hazırda bu, çox təhlükəlidir. Özü də Ərdoğan fövqəladə vəziyyət elan edib.

- Bəs sizcə, Qərb Türkiyənin onun təsir dairəsindən çıxmasına necə reaksiya verəcək?

- Qərbdə çoxlu xoşagəlməz söz-söhbət var. Bəli, Rusiyanın blokadanı aradan qaldırmağa başlaması yəqin ki, Qərbdə bəzilərinin xoşuna gəlmir. Digər tərəfdən, Türkiyə Qərblə əlaqədar məyus olub, orada onları aldadıblar.

Əlbəttə, Ərdoğan Rusiya olmadan Qərblə qarşıdurmada heç bir şansının olmadığını görür. Əl uzadılıbsa, onu sıxmaq və irəliyə doğru addımlamaq lazımdır.

- Amma artıq Türkiyəni NATO üzvlüyündən çıxarmaqla bağlı hədələr səslənib. Bu halda İncirlikdəki hərbi baza necə olacaq?

- Düşünmürəm ki, üzvlükdən çıxaracaqlar. Çox güman ki, Türkiyə özü bir vaxtlar Fransanın etdiyi kimi NATO-dan qaçacaq. Burada faciəli heç nə yoxdur. İncirlikdəki ABŞ bazasına gəlincə, amerikalıların Aralıq dənizində onsuz da kifayət qədər bazası var. Sadəcə, həmin bazada soyuq müharibədən miras qalmış təxminən 100 ədəd nüvə başlığının olması diqqətə alınmalıdır. Onlar bütün region üçün təhlükə yarada bilər. Axı, çevrilişə cəhd göstərən hərbçilər arasında İncirlikdə olanlar da var idi. Birdən kimsə qarışıqlıqdan yararlanıb, bu amildən istifadə edibsə?! Bunun təsirini hesablamaq belə çətindir. Belə nüvə silahı Türkiyə üçün təhlükəsizlik zəmanəti yox, təhdiddir.

- Analitiklər Rusiya-Türkiyə-İran ittifaqının yaradılması ehtimalı barədə xəbərdarlıq edir. Belə birliyin yaranması nə dərəcədə realdır?

- Hələlik Moskva-Ankara-Tehran ittifaqı yalnız ikitərəfli sazişlər əsasında mümkündür. Ziddiyyətləri, xüsusən də Suriya məsələsindəki fərqli baxışları aradan qaldırmaq mümkün olsa, hesab edirəm ki, bu birlik tamamilə reallıq ola bilər. Rusiya üçün bu, çox sərfəlidir. Çünki belə olacağı təqdirdə həm Aralıq dənizinə, həm də Fars körfəzinə birbaşa çıxış əldə edirik. Amma Qərb üçün bu, fəlakət olacaq. Çünki hər şeydən əlavə, onların Rusiya təcridinin bütün cənub qanadı dağılacaq.

- Belə olacağı halda Azərbaycanın rolu nədən ibarət olacaq?

- Azərbaycan da belə ittifaqdan çox şey qazanacaq. Bu ölkə tarixi və mənəvi dəyərləri ilə bizə Türkiyə və ya İrandan daha yaxındır. Azərbaycanın həm Türkiyə, həm də İran ilə quru sərhədi var. Bu isə yük daşımalarında tranzit rolunu oynamaq üçün yaxşı şərait yaradır. Türk etnosunun eyniliyini də nəzərə alsaq, hadisələrin belə gedişi yalnız Azərbaycanın və Rusiyanın xeyrinə olardı. İqtisadi məsələlərə gəlincə, bu sahədə bir yolla razılıq əldə edərik. Dostluq olan zaman razılığa gəlmək həmişə asandır.

Son xəbərlər

Orphus sistemi