Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin vandal xislətinin üzə çıxdığı, hayların bəd əməllərinin qurbanı olan Qarakilsə rayonu haqqında süjet hazırlanıb.
"Report" xəbər verir ki, “Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” adlı süjetdə ermənilər və havadarları illər boyu Qərbi azərbaycanlıları öz yurdlarından qovub onları Ermənistan vətəndaşlığından məhrum etməsindən, türk dilində olan coğrafi adları erməniləşdirməsindən bəhs olunur.
Bildirilib ki, Zəngəzur mahalının ən böyük rayonu olan Qarakilsə rayonu coğrafi vəziyyətinə görə Gorus, Qafan rayonları, Dərələyəz mahalı və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. Qarakilsə adı bu ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranıb.
Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl V-II minilliklərə aid tikili qalıqları, karvansara, türbə, qayaüstü təsvirlər, yazılar, saray, qala və məbədlərin adları bu ərazilərin ən qədim dövrlərdən bəri türk-oğuz boylarının ana yurdu olmasının danılmaz sübutudur.
Qeyd olunub ki, 1813-cü ildə Rusiya-İran arasında bağlanılan Gülüstan müqaviləsinə əsasən Zəngəzur, həm də Qarakilsə rayonu ərazisi Rusiyanın tərkibinə verilib. 1822-1830-cu illərdə İranın Xoy, Salmas və başqa qəzalarından çox sayda erməni Qarakilsə rayonu ərazisində məskunlaşdırılıb. Qarakilsə inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb.
Qafan, Gorus və Naxçıvan arasında dəmir yolu ilə gətirilən malların çatdırılmasında körpü rolunu oynayan Qarakilsə adı 1940-cı il martın 2-də dəyişdirilib Sisavan, sonradan Sisian adlandırılıb:
“Sisian toponimi də müxtəlif mərhələlərdə Sisakan, Sisqan, Sisəcan, Syuni kimi fonetik formalarda işlənib. “Sis” qədim türk dilində, indiki Yakut dilində olduğu kimi, “dağüstü meşəli kənd”, “yaşayış yeri” deməkdir. Sak isə məlum türk tayfalarının adıdır”.
Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərində bu rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayıb. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azalıb, nəticədə azərbaycanlıların sonuncu deportasiyasına, yəni 1988-ci ilədək mövcud 38 yaşayış məntəqəsinin 11-i azərbaycanlılara məxsus olub. Ermənilər yerdə qalan yaşayış məntəqələrini ələ keçirib, 38 kəndi isə xarabalığa çevriblər.
1988-ci ildə azərbaycanlılar bir həftə ərzində yaşadıqları məntəqələrdən məcburən qovulublar. Bundan sonra rayon üzrə 20 tarixi yer adları dəyişdirilib və 1995-ci ildə Sisian, Qafan, Meğri, Gorus rayonları ləğv edilib və mərkəzi Sisian şəhəri olan Sünik mərzliyi yaradılıb. Sonda vurğulanır ki, tarixən Qərbi Azərbaycanın ən strateji məkanı olan Qarakilsə rayonunun da erməni vəhşiliyinin qurbanına çevrilməsi danılmaz faktdır: “Lakin əminik ki, zaman-zaman acı nəticələrlə üzləşən bu türk-oğuz yurdu Ana torpağın ləyaqətli övladlarının qayıdışı ilə sahibinə qovuşacaq, tarixi, coğrafi və etnik reallıq bərpa olunacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.