Qazaxıstanın Arıs şəhərində hərbi hissədəki silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarətalanların sayı 71 nəfərə çatıb.
“Report” “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Təcili tibbi yardım xidməti üzrə milli əlaqələndirmə mərkəzinin sədri Birjan Ospanov bildirib.
Qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev partlayş baş verən yerə gedib.
Ölkənin müdafiə naziri Nurlan Yermekbayev bildirib ki, anbarda radioaktiv döyüş sursatı, radioaktiv mərmi saxlanılmırmış: “Radiasiya təhlükəsi yoxdur”.
*** 16:22
Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 46-ya çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şimkənd səhiyyə idarəsindən bildiriblər.
Məlumata görə, xəsarət alanlardan 5-i uşaqdır.
***12:55
Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alan 10 nəfər Arıs şəhər xəstəxanasına yerləşdirilib.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağırdır.
Məlumata görə, indiyə qədər 34 nəfər həkimə müraciət edib. Hazırda Arıs sakinləri şəhərdən tamamilə təxliyə olunur.
*** 11:02
Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.
“Report” “Sputnik Kazaxıstan”a istinadən bildirir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.
Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.
Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı, 12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarət kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir.
Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb.
Partlayışın səbəbi araşdırılır.