Putin ABŞ jurnalına yazdı: “Hamı məsuliyyət daşıyır”

Putin ABŞ jurnalına yazdı: “Hamı məsuliyyət daşıyır” Rusiya prezidenti Vladimir Putin yeni yazdığı “İkinci Dünya müharibəsinin 75-ci ildönümünün gerçək dərsləri” adlı məqaləsində SSRİ-nin Baltikyanı ölkələri işğal etməsinə haqq qazandırıb.
Region
19 İyun , 2020 15:06
Putin ABŞ jurnalına yazdı: “Hamı məsuliyyət daşıyır”

Rusiya prezidenti Vladimir Putin yeni yazdığı “İkinci Dünya müharibəsinin 75-ci ildönümünün gerçək dərsləri” adlı məqaləsində SSRİ-nin Baltikyanı ölkələri işğal etməsinə haqq qazandırıb.

“Report” xəbər verir ki, onun məqaləsi iyunun 18-də ABŞ-ın “The National Interest” nəşrində dərc edilib.

İqtisad elmləri namizədi olan V.Putin müharibənin başlama səbəbləri, müxtəlif ölkələrin savaşın ilkin mərhələsindəki fəaliyyəti və Molotov-Ribbentrop sazişi barədə mülahizələrini qələmə alıb. 

Rusiya prezidenti yazıb ki, Molotov-Ribbentrop sazişindən sonra - 1940-cı ildə Latviya, Litva və Estoniyanın SSRİ-yə “birləşməsi” həmin ölkələrin rəhbərliklərinin razılığı ilə baş verib: “Bu, dövrün beynəlxalq və dövlət hüququna uyğun olub”.

Onun sözlərinə görə, Baltikyanı ölkələr SSRİ-də ən yüksək səviyyədə təmsil olunublar: “SSRİ-nin tərkibində Baltikyanı ölkələr öz dövlət orqanlarını, dilini qoruyublar, həmçinin Sovet İttifaqının ən yüksək dövlət strukturlarında nümayəndələri olub”.

Bundan başqa, Vladimir Putinin fikrincə, İkinci Dünya müharibəsinə görə bütün aparıcı ölkələr məsuliyyət daşıyır: “Nasistlərin xarici işlər naziri Ribbentropun Moskvaya ikigünlük səfərini İkinci Dünya müharibəsinin əsas səbəbi olduğunu iddia etmək ədalətsizlikdir. Bütün aparıcı ölkələr müəyyən dərəcədə buna görə məsuliyyət daşıyırlar. Onların hər biri təkəbbürlə digərlərini aldada biləcəyi, özü üçün birtərəfli üstünlük qazanacağı və ya qarşıdan gələn dünya faciəsindən kənarda qala biləcəyini düşünərək həlledici səhvlər ediblər”.

V.Putin vurğulayıb ki, nasizm üzərində qələbəni, ilk növbədə, sovet xalqı qazanıb: “Ötən ilin sonunda MDB dövlətləri başçılarının sammitində hamımız həmfikir idik: gələcək nəslə nasizm üzərində qələbənin sovet xalqının qazandığını, bu qəhrəmanlıq savaşında – ön və arxa cəbhədə, çiyin-çiyinə - Sovet İttifaqının bütün respublikalarının nümayəndələri olduğu barədə tarixi yaddaşı ötürməliyik”.

Bundan başqa, Rusiya prezidenti müharibə zamanı Hitlerin tərəfinə keçənləri xain adlandırıb: “Bu utancverici hadisə Avropanın bütün ölkələrində olub. Peten, Kvislinq, Vlasov, Bandera kimi “xadimlər” və onların yoldaş və davamçıları milli istiqlal və ya kommunizmdən azadlıq donuna girsələr də, xain və cəlladdırlar”.

Rusiya prezidenti İkinci Dünya müharibəsi haqqında məqalə yazmaq qərarını hələ ötən ilin sonunda verib. Buna Avropa Parlamentinin müharibə ilə bağlı qətnaməsi səbəb olub. Belə ki, 2019-cu ilin sentyabr ayında Avropa Parlamenti stalinizm, nasizm və digər totalitar rejimləri mühakimə edən qətnamə qəbul edib. Qətnamədə xüsusilə İkinci Dünya müharibəsinin Molotov-Ribbentrop sazişinin nəticəsi olduğu vurğulanıb.

Qeyd edək ki, daha çox “Molotov-Ribbentrop sazişi” kimi tanınan Almaniya və Sovet İttifaqı arasında hücum etməmə haqqında saziş 1939-cu il avqustun 23-də imzalanıb. Sazişin əlavə protokolunda Şərqi və Mərkəzi Avropanın təsir sahələrinə bölünməsi barədə razılıq mövcuddur. Bu, nasist Almaniyasına sentyabrın 1-də Polşaya hücum etməsi üçün şərait yaradıb. Sovet qoşunları isə Polşa ərazisinə təqribən iki həftə sonra girib.

1940-cı il iyunun 15-də Qırmızı ordu Litvanı zəbt edib. İyunun 17-də isə Latviya və Estoniyanı işğal edib. Eyni ilin iyul ayında Kremlin nəzarəti və göstərişi ilə Baltikyanı ölkələrdə yeni hökumətlər formalaşdırılıb. Bu hadisədən sonra ölkələrin idarəetmə aparatlarında təmizlik işləri başlanılıb, bütün məmurlar işdən azad edilib, ordu buraxılıb, milli elitanın nümayəndələrinə qarşı repressiyalar, Litva, Latviya və Estoniya əhalisinin Sibirə kütləvi deportasiyası başlayıb.

Avropa Şurası öz qətnamələrində Baltikyanı ölkələrin SSRİ-yə daxil olmasını işğal, zorakı inkorporasiya və anneksiya olaraq xarakterizə edib. Hələ 1983-cü ildə Avropa Parlamenti də bunu işğal olaraq tanıyıb.

Xatırladaq ki, SSRİ İkinci Dünya müharibəsinə yalnız 1941-ci ildə qoşulub. Müharibədə SSRİ xalqları arasında azərbaycanlılar da böyük sayda iştirak edib. Belə ki, cəbhəyə yollanan 600 min azərbaycanlıdan 300 mindən çoxu həlak olub və ya itkin düşüb. 

Qeyd edək ki, “The National Interest” beynəlxalq münasibətlər haqqında jurnaldır. Onun rəhbəri sovet mühaciri Dmitri Saymsdır. Jurnalı qeyri-hökumət təşkilatı olan “Milli Maraqlar Mərkəzi” dərc edir. Mərkəzi 1994-cü ildə ABŞ-ın sabiq prezidenti Riçard Nikson yaradıb. Rusiyanın “RİA Novosti”, TASS kimi dövlət informasiya agentlikləri “The National Interest”in yazılarına mütəmadi olaraq istinad edirlər.  

Son xəbərlər

Orphus sistemi