“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin Ermənistandan daha çox Azərbaycanla sıx əlaqələri var”.
Bunu “Report”a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan ümidlərini Qərb ölkələrinə - ABŞ-a və ilk növbədə Fransaya bağlayır, ölkədə Rusiyanın iştirakını minimuma endirməyə çalışır.
Politoloq əlavə edib ki, bunu İrəvanda Rusiyaya qarşı keçirilən davamlı mitinqlər sübut edir: “Ermənistan mətbuatına və bu ölkədə fəaliyyət göstərən QHT-lərin bəyanatlarına nəzər yetirən zaman aydın olur ki, onların yarıdan çoxu hər gün Rusiyanı Ermənistanın maraqlarına cavab verməyən addımlara görə tənqid edir. Ermənistanın ardıcıl olmayan siyasəti İrəvanın həm əvvəllər, həm də müharibədən sonra regional və beynəlxalq proseslərdən təcrid olması ilə nəticələnib”.
Z.Məmmədov xatırladıb ki, ötən ay Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin növbədənkənar iclasında Rusiya, Belarus, Qazaxıstan və təşkilatın digər üzvlərinə faktiki olaraq ultimatum verərək Azərbaycanla Ermənistan arasında seçim etməyi tələb edən baş nazir Nikol Paşinyanın hərəkətlərini tənqid edərək həqiqəti söyləyib: “Axı, Paşinyan yaxşı bilirdi ki, heç bir ölkə seçim etməyəcək və KTMT üzvlərinin Ermənistandan daha çox Azərbaycanla daha yaxın münasibətləri var”.
Ekspert deyib ki, Ermənistanın hərəkətləri regiondakı siyasi proseslərə ziyan vurur, çünki məhz İrəvan Avropa İttifaqının missiyasını regiona dəvət edib və bu, Rusiya ilə İran üçün vacib siqnaldır.
Onun fikrincə, Moskva İrəvanın belə münasibətinə səssiz qalmayacaq: “Rusiyanın Paşinyanla bağlı hər zaman B planı var”.