“Report”un Rusiya bürosunun tanınmış politoloq, hərbi ekspert Aleksandr Perenciyevlə müsahibəsi:
- 44 il əvvəl Moskvada bir sıra terror aktları baş verib. 1977-ci il yanvarın 8-də Moskva metrosunda üç partlayış olub: ilk bomba “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasındakı hissədə, digər ikisi isə Qızıl meydana aparan 25 oktyabr (indiki Nikolskaya) küçəsində partlayıb. Sonrakı istintaq göstərdi ki, cinayətkarlar Ermənistanın Milli Birləşmiş Partiyasının üzvləri Stepan Zatikyan, Zaven Baqdasaryan və Akop Stepanyan idi. Ölkə rəhbərliyi bu faciəyə necə reaksiya verdi?
- O zaman Moskva ilk dəfə belə terror hücumu ilə qarşılaşdı. Terror aktları siyasi xarakter daşıyırdı. SSRİ-nin ən sabit dövründə, hətta bir nəfərin ölümünün belə dəhşətli hal kimi qəbul edildiyi vaxtda 8 yanvar terror aktı görünməmiş miqyasda fövqəladə hadisə idi. Sözsüz ki, bu cinayətin araşdırılması üçün hər cür səy göstərilmişdi. Bu, ölkə rəhbərliyinə qarşı ciddi çağırış kimi qəbul edilmişdi.
- Sizcə, belə olacağına dair hansısa işartı var idimi? Bu terror hücumlarının məqsədi nə idi?
- Adətən terrorçular hərəkətləri ilə rəhbərliyə tələblərini çatdırmağa çalışırlar. Ancaq bu dəfə elə oldu ki, onlar tələblərini yalnız məhkəmədə bildirməyə başladılar. O zaman terrorçuların nə istədiklərini, nəyə can atdıqlarını heç kim bilmir və başa düşmürdü. Ancaq istintaqın gedişatı, belə desək, “erməni izinə” çıxılmasına səbəb oldu. Sonradan məlum olduğu kimi, terror aktının təşkilatçıları qarşılarına “böyük Ermənistan” uğrunda mübarizə aparmaq vəzifəsi qoyan erməni millətçiləri idilər. Milliyyətçi təşkilatın çevrəsinin yalnız üç cinayətkarla məhdudlaşması və ya daha geniş olması məsələsi açıq olaraq qalır. Amma hələ o zamanlar Ermənistan SSRİ-də belə qruplar mövcud idi. Onları Ermənistan rəhbərliyinin özü qoruyurdu.
- Dünya tarixində erməni terrorizminin təzahürünün bir çox nümunəsi var. O, bu gün hansı təhlükəni daşıyır?
- Dünyada əsasını etnik ermənilərin təşkil etdiyi bir çox fərqli terror təşkilatları var. Erməni cəmiyyətində onların ciddi tarixi kökləri var. Erməni millətçiliyi xəstəliyi həmişə müəyyən ekstremizmin növlərinə çevrilir. “Böyük Ermənistan” xülyası daim mövcuddur. Buna isə başqa xalqların torpağını ələ keçirmək və orada yaşayan insanları məhv etməklə nail olmaq mümkündür. Bu yalnız hərbi yolla deyil, həm də terrorla baş verir.
- Qarabağ torpaqlarının minalanması ekstremizm sayıla bilərmi?
- Əlbəttə, bunun ekstremizmlə əlaqəsi var. Axı söhbət, ilk növbədə, bu cür metodların köməyi ilə etnik düşmənçiliyin qızışdırılmasından gedir. Qarabağ ərazisində yaşayan azərbaycanlılar və ermənilər arasında dialoqu təşviq etmək lazımdır. Sülhməramlılar oradadırlar ki, erməni xalqı dinc həyatı bərpa etmək üçün bu dialoqa başlamaqdan çəkinməsin. Lakin rəsmi İrəvan rəhbərliyi bu dialoqda maraqlı deyil. Nifrət təhrik edən mexanizmlərdən biri mina sahələridir. Burada Ermənistan rəhbərliyinin sonradan böyüyərək Rusiya ilə Türkiyə arasında toqquşmaya səbəb olacaq sülhməramlıları Azərbaycanla hərbi münaqişəyə cəlb etmək barədə məkrli planını sezmək olar.