“Azərbaycanın İrandakı səfirliyinə hücum İran tərəfindən Vyana Konvensiyasının pozulmasıdır”.
Bunu “Report”a açıqlamasında politoloq, Dublin Universitetinin beynəlxalq təhlükəsizlik üzrə professoru Kristian Kaunert deyib.
Professorun sözlərinə görə, bu hücumu Azərbaycana, onun yaxın müttəfiqi olan İsrailə və bütövlükdə Qərb dünyasına bir siqnal kimi qiymətləndirmək olar.
Ekspert vurğulayıb ki, Azərbaycan səfirliyinə hücumda böyük ehtimalla İranın əli var, lakin onu məsuliyyətə cəlb etmək kifayət qədər çətin olacaq: “Amma bu səfirliyə hücum şübhəsiz ki, Vyana Konvensiyasının pozulması kimi qiymətləndirilə bilər”.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.