Tbilisi. 18 sentyabr. REPORT.AZ/ “Gürcüstanda yaşayan milli azlıqların hüquqları tam qorunur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lamberto Zannierlə görüşdən sonra bildirib.
Nazir müavini Gürcüstanın uzun illərdir ki, ATƏT-in milli azlıqlar üzrə komissarının ofisi ilə əməkdaşlıq etdiyini qeyd edib: “ATƏT-in dəstəyi ilə Gürcüstanda bir sıra layihələr həyata keçirilir və həmin layihələr milli azlıqların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasına dəstək verir”.
L.Zannier Tbilisiyə səfəri çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlament sədri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə də görüşəcək. Ali komissarın həmçinin ombudsman Nino Lomcariya və milli azlıqların nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.