“Gürcüstanda yeraltı qaz anbarı layihəsi vaxtında reallaşdırılacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, çox tanınan şirkətlər qrupunun qalib gələcəyi tenderə yaxın zamanlarda yekun vurulacaq.
Nazir layihənin 2024-cü ildə başa çatdırılması üçün maliyyə qurumlarının birmənalı dəstəyinin olduğunu deyib: “Yeraltı qaz anbarının inşası Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün çox mühüm layihədir. Strateji əhəmiyyətə malik bu layihəni həm biz, həm də beynəlxalq maliyyə institutları dəstəkləyir”.
Qeyd edək ki, yeraltı qaz anbarı əsasən Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılması üçün nəzərdə tutulub. Obyektin inşasına 2018-ci ilin birinci yarısında başlanılması və 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.
Layihənin ümumi dəyəri 300 milyon ABŞ dollarına yaxındır. Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır. Qaz anbarında 300 milyon kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının 15%-ni təşkil edir.